Universitetlərdə süni intellekt: kor-təbiilikdən sistemli idarəetməyə keçid...-EKSPERT

"Əgər Sİ müəyyən elmi problemi insan tədqiqatçıdan daha sürətli həll edə bilirsə, alim hazırlığının klassik modeli necə dəyişməlidir? Bu sual “alimə ehtiyac yoxdur” mənasını vermir..."

"Sİ elmi əməyin müəyyən hissəsini avtomatlaşdıra bilər, lakin elmi problemin seçilməsi, nəticələrin mənalandırılması və məsuliyyətli qərarın verilməsi insanın fundamental funksiyası olaraq qalır..."

"Universitet Sİ-ni sadəcə istifadə edən qurum olmamalıdır; Sİ-nin imkanlarını, risklərini və nəticələrini sistemli şəkildə idarə edən intellektual təşkilata çevrilməlidir..."

*** *** *** *** ***

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Universitetlərdə süni intellekt: kor-təbiilikdən sistemli idarəetməyə keçid...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Süni intellekt (Sİ) universitetin yalnız texnoloji imkanlarını deyil, onun təhsil, elm, idarəetmə, keyfiyyət təminatı və insan kapitalının inkişafı modelini dəyişdirən strateji amilə çevrilir. Bu dəyişiklik universitet qarşısında yeni suallar yaradır: süni intellektdən necə istifadə edilməlidir? Universitetin Sİ siyasəti necə qurulmalıdır? Müəllim və tələbənin rolu necə dəyişir? Elmi fəaliyyətin mahiyyəti necə transformasiya olunur? Əmək bazarının sürətli dəyişdiyi şəraitdə universitet gələcəyə necə hazırlaşmalıdır?

Universitetlər üçün əsas məsələ süni intellekt alətlərindən istifadə etmək deyil. Mühüm olanı süni intellektdən istifadənin məqsədini, sərhədlərini, qaydalarını və məsuliyyət mexanizmlərini müəyyən edən sistemli idarəetmə modelinə keçməkdir...

Universitet qarşısında yeni strateji reallıq…

Süni intellektin sürətli inkişafı təhsil sistemində əvvəlki texnoloji dəyişikliklərdən fərqli miqyasda transformasiya yaradır. Rəqəmsallaşma əsasən məlumatın saxlanması, ötürülməsi və tədris prosesinin texnoloji təminatı ilə bağlı idisə, generativ süni intellekt artıq məlumatın yaradılması, təhlili, izahı, qərarvermə və intellektual fəaliyyətin təşkili proseslərinə birbaşa müdaxilə edir. Artıq universitetlərin qarşısında “Sİ-dən istifadə edəkmi?” sualı dayanmır. İndi universitetlər süni intellekt dövründə səmərəli fəaliyyət yollarını müəyyən etməlidir.

Sİ iqtisadiyyatı, mədəniyyəti, əmək bazarını, elmi fəaliyyəti və təhsil prosesini dəyişdirdiyi kimi, universitetlərin inkişaf strategiyalarını da köklü şəkildə dəyişdirir. Bu dəyişiklik universitetlərin uzunmüddətli inkişafını planlaşdırmağı çətinləşdirir, çünki Sİ texnologiyaları çox sürətlə yenilənir və bu gün aktual olan alət az sonra daha güclü texnologiya ilə əvəz oluna bilər. Deməli, universitetin Sİ strategiyası konkret texnologiyaların siyahısına deyil, dəyişən texnoloji mühitə uyğunlaşa bilən idarəetmə prinsiplərinə əsaslanmalıdır.

1. Universitetlər üçün əsas problem texnologiyadan əvvəl idarəetmə modelidir…

Süni intellekt universitetə hazır texnologiya kimi daxil olur. Lakin texnologiyanın mövcudluğu onun səmərəli istifadəsinə zəmanət vermir. Əksinə, kortəbii və nəzarətsiz Sİ istifadəsi bir sıra yeni problemlər yarada bilər. Məsələn: akademik dürüstlüyün zəifləməsi; tələbənin müstəqil düşünmə qabiliyyətinin azalması; müəllimin qiymətləndirmə imkanlarının dəyişməsi; yanlış və etibarsız informasiya ilə işləmək; müəlliflik və plagiat məsələləri; şəxsi məlumatların və akademik məlumatların təhlükəsizliyi; Sİ-dən istifadə səviyyələri arasında bərabərsizliyin yaranması; müəllim və tələbələrin texnologiyadan asılı vəziyyətə düşməsi. Buna görə universitetdə Sİ-nin tətbiqi texnoloji layihə kimi deyil, təşkilati idarəetmə məsələsi kimi qəbul edilməlidir…

Universitet rəhbərliyi özlüyündə bu suallara aydınlıq gətirməlidir:

1. Sİ-dən hansı məqsədlərlə istifadə edilir?

2. Hansı fəaliyyətlərdə istifadəsinə icazə verilir?

3. Hansı hallarda istifadəsi məhdudlaşdırılır və ya qadağan edilir?

4. Sİ tərəfindən yaradılan məzmun necə yoxlanılır?

5. Akademik dürüstlük necə qorunur?

6. Müəllim və tələbələrin məsuliyyəti nədən ibarətdir?

7. Sİ-dən istifadə üzrə hansı kompetensiyalar formalaşdırılmalıdır?

8. Universitet məlumatlarının təhlükəsizliyi necə təmin edilir?

Bu sualların cavabı universitetin “Süni İntellekt Siyasəti”nin əsasını təşkil etməlidir.

2. Sİ siyasəti və Sİ strategiyası fərqli anlayışlardır...

Universitetdə iki bir-biri ilə əlaqəli, amma fərqli sənəd hazırlanmalıdır:

Sİ siyasəti və Sİ strategiyası.

Sİ siyasəti Sİ-dən istifadə üçün qaydaları və prinsipləri müəyyən edir. Məsələn: təhlükəsizlik; akademik dürüstlük; şəffaflıq; insan nəzarəti; məlumatların qorunması; müəlliflik; etik istifadə; məsuliyyət məsələləri konkretləşməlidir...

Sİ strategiyası isə Sİ-dən istifadə etməklə universitetin hansı nəticələrə çatmaq istədiyini müəyyən edir. Strategiya aşağıdakı məsələləri əhatə etməlidir: təhsilin keyfiyyətinin yüksəldilməsi; fərdiləşdirilmiş öyrənmə; müəllimlərin Sİ kompetensiyalarının inkişafı; elmi tədqiqatların dəstəklənməsi; idarəetmənin optimallaşdırılması; rəqəmsal infrastrukturun inkişafı; yeni təhsil proqramlarının yaradılması; əmək bazarının yeni tələblərinə uyğun kadr hazırlığı. Beləliklə, Sİ siyasəti “necə istifadə edirik?” sualına, Sİ strategiyası “Sİ-dən istifadə edərək hara gedirik?” sualına cavab verir...

3. Uzunmüddətli məqsəd, qısamüddətli texnologiya Sİ strategiyasının əsas paradoksudur...

Universitet strategiyalarının əksəriyyəti 5–10 illik dövr üçün hazırlanır. Lakin Sİ texnologiyaları belə sürətlə dəyişdikdə konkret alətlərə əsaslanan uzunmüddətli plan tez köhnələ bilər. Məsələn, bu gün universitet müəyyən bir generativ Sİ platformasına investisiya edə bilər. Lakin bir neçə ay sonra daha güclü, daha ucuz və daha funksional alternativlər meydana çıxa bilər. Bu səbəbdən universitet “2027–2035-ci illərdə hansı Sİ platformasından istifadə edəcəyik?” sualı haqqında yox, “2027–2035-ci illərdə universitet hansı Sİ kompetensiyalarına, hansı infrastruktur imkanlarına, hansı idarəetmə mexanizmlərinə və hansı insan kapitalına malik olmalıdır?” sualı haqıında düşünməlidir. Belə yanaşma texnologiyadan asılı strategiyadan prinsip və kompetensiya əsaslı strategiyaya keçidi təmin edir.

4. Rəqəmsal yetkinlik olmadan Sİ transformasiyası mümkün deyil...

Universitetlərin Sİ-yə hazırlığı onların rəqəmsal yetkinlik səviyyəsindən birbaşa asılıdır. Son 20 ildə rəqəmsallaşma, informasiya sistemləri, distant təhsil, elektron idarəetmə və rəqəmsal resurslar sahəsində müəyyən təcrübə toplamış universitetlər Sİ transformasiyasına daha hazırlıqlı vəziyyətdədirlər. Əksinə, rəqəmsal infrastruktur və rəqəmsal idarəetmə sistemi zəif olan universitetlər üçün Sİ-nin tətbiqi daha mürəkkəbdir. Rəqəmsal cəhətdən yetkin olmayan universitetin rəqəmsal transformasiyasının mümkün deyil. Sİ transformasiyası rəqəmsal transformasiyanın alternativi deyil, onun növbəti mərhələsidir.

Bu səbəbdən universitetlərin inkişafı bu mərhələlərlə “İnformasiyalaşma → Rəqəmsallaşma → Rəqəmsal transformasiya → Sİ ilə transformasiya → İntellektual universitet” mümkün ola bilər.

Rəqəmsal bazası zəif olan universitetin birbaşa “Sİ universiteti” yaratmaq cəhdi heç bir nəticə verə bilməz. Görəsən, 51 universitetimizin neçəsi rəqəmsal yetkindir? ETN-nin bu haqda məlumatı varmı? Nə etmək fikrindədir?..

Sİ universitetin bütün fəaliyyət sistemini dəyişir…

Süni intellekt yalnız tədris prosesinə əlavə edilən yeni bir alət deyil. O, universitetin bütün fəaliyyət istiqamətlərinə təsir edir.

1. Tədris prosesində Sİ fərdi öyrənməni; adaptiv tədrisi; Sİ tutorları; avtomatik əks-əlaqəni (geribildirimi); tədris materiallarının hazırlanmasını; öyrənmə analitikasını inkişaf etdirə bilər.

2. Elmi fəaliyyətdə Sİ ədəbiyyat axtarışını; məlumatların təhlilini; modelləşdirməni; kodlaşdırmanı; elmi mətnlərin hazırlanmasını; hipotezlərin formalaşdırılmasını sürətləndirə bilər. Sİ alimləri əvəz etməyəcək. Alim Sİ-dən istifadə etməklə yeni elmi problemləri həll edə biləcək. Bu, elmi fəaliyyətin mahiyyətini dəyişdirir.

3. Universitet idarəetməsində Sİ tələbələrin, maliyyənin, insan resurslarının, akademik fəaliyyətin və digər proseslərin analitik idarə edilməsinə imkan yarada bilər.

4. Keyfiyyət təminatında Sİ-nin təsiri nəticəsində universitetin əvvəlki keyfiyyət təminatı modelləri yenidən nəzərdən keçirilməlidir. Çünki müəllimin, tələbənin, tədris resurslarının və məlumat əldə etmə üsullarının mahiyyəti dəyişir. Bu dəyişikliklər keyfiyyət təminatı sisteminin yenidən qurulmasını tələb edir.

“Müəllim + Sİ” və “Tələbə + Sİ” yeni pedaqoji modelləri

Sİ dövründə müəllimin əsas funksiyası məlumat ötürməkdən tədricən öyrənmə prosesini təşkil edən, istiqamətləndirən və nəzarət edən mütəxəssisə çevrilir. Müəllim düzgün sual qoymağı; məlumatı yoxlamağı; Sİ cavablarını qiymətləndirməyi; düşünmə prosesini təşkil etməyi; etik və məsuliyyətli istifadəni tələbəyə öyrətməlidir.

Tələbə üçün də yeni model formalaşır: Tələbə + Sİ = düşünmə, araşdırma, yoxlama və yaradıcılığın gücləndirilməsi. Sİ tələbənin yerinə düşünən mexanizmə çevrilərsə, təhsilin məqsədi zəifləyə bilər. Buna görə Sİ-dən istifadə zamanı insan intellekti və insan qərarı son mərhələdə qorunmalıdır.

“Mobil universitet” paradoksu

Bu gün tələbənin cibində faktiki olaraq “Mobil Fərdi Universitet”i var. Bu böyük informasiya və Sİ imkanlarına malik cihaz onun smatfonudur. Artıq universitetin informasiya resurslarının bir hissəsi tələbənin mobil cihazına keçib. Lakin texnologiyaya çıxışın olması hələ keyfiyyətli təhsil, perspektivli insane kapitalı demək deyil. Tələbəyə yenə də müəllim; mentor; akademik mühit; strukturlaşdırılmış proqram; geribildirim; qiymətləndirmə; sosial və peşəkar mühit lazımdır. Onlayn kursların geniş yayılmasına baxmayaraq, onların tamamlanma səviyyəsinin aşağı olması bu problemin nümunəsi ola bilər: texnologiyaya çıxış motivasiya, özünənəzarət və akademik müşayiəti avtomatik təmin etmir. Sİ müəllimi ləğv etmir, müəllimə ehtiyac qalacaqdır. Amma Sİ müəllimin funksiyasını dəyişir və onun mentorluq rolunu daha da vacib edir...

Sİ dövründə elmi fəaliyyət: alimə ehtiyac qalacaqmı?..

Süni intellektin xüsusilə riyaziyyat və digər elm sahələrində mürəkkəb məsələləri həll etmək imkanlarının sürətlə artması elmi fəaliyyətin gələcəyi haqqında bir sıra suallar yaradır. Əgər Sİ müəyyən elmi problemi insan tədqiqatçıdan daha sürətli həll edə bilirsə, alim hazırlığının klassik modeli necə dəyişməlidir? Bu sual “alimə ehtiyac yoxdur” mənasını vermir. Əksinə, alimin funksiyası daha yüksək səviyyəyə keçir: problemi seçmək, düzgün sual qoymaq, hipotez yaratmaq, Sİ-dən istifadə etmək, nəticəni yoxlamaq, elmi məna vermək , yeni bilik yaratmaq. Beləliklə, Sİ elmi əməyin müəyyən hissəsini avtomatlaşdıra bilər, lakin elmi problemin seçilməsi, nəticələrin mənalandırılması və məsuliyyətli qərarın verilməsi insanın fundamental funksiyası olaraq qalır...

Sİ və akademik keyfiyyət: yeni keyfiyyət təminatı modeli...

Sİ dövründə universitetlər üçün ən ciddi problemlərdən biri akademik keyfiyyətin qiymətləndiriləcəyidir. Əvvəlki modeldə tələbənin hazırladığı yazılı iş onun fərdi biliyinin əsas göstəricilərindən biri hesab edilirdi. İndi isə tələbə həmin işi Sİ-nin köməyi ilə hazırlaya bilər. Bu isə qiymətləndirmənin mahiyyətini dəyişir. Qiymətləndirmədə “tələbə nəyi anlayır, necə düşünür və əldə etdiyi nəticəni necə əsaslandırır” əsas amil olmalıdır.

Bu dəyişiklik universitetləri prosesəsaslı qiymətləndirməyə, layihə və probleməsaslı tapşırıqlara; şifahi müdafiəyə; praktiki fəaliyyətə; portfolioların tətbiqinə; reflektiv tapşırıqlara; Sİ ilə işləmə bacarığının qiymətləndirilməsinə yönəldə bilər. Gördüyümüz kimi, Sİ dövründə qiymətləndirmənin obyektinin özü dəyişir...

Sİ siyasətinin əsas prinsipləri...

Universitetin Sİ siyasəti ən azı aşağıdakı prinsiplər üzərində qurulmalıdır:

1. İnsan mərkəzlilik. Sİ insan qərarını əvəz etməməli, insanın imkanlarını artırmalıdır.

2. Təhlükəsizlik. Universitet məlumatlarının, tələbə və müəllim məlumatlarının qorunması təmin edilməlidir.

3. Şəffaflıq. Sİ-dən istifadə edilən hallarda bunun necə və hansı məqsədlə həyata keçirildiyi aydın olmalıdır.

4. Akademik dürüstlük. Sİ akademik saxtakarlıq və plagiat üçün vasitəyə çevrilməməlidir.

5. Məsuliyyət. Sİ tərəfindən yaradılan nəticəyə görə son məsuliyyət insanın və institusional qərarverənin üzərində qalmalıdır.

6. Bərabər imkan. Bütün tələbə və müəllimlərin Sİ alətlərinə və Sİ savadlılığına çıxışı təmin edilməlidir.

7. Tənqidi yanaşmaə Sİ-nin verdiyi cavablar avtomatik olaraq doğru qəbul edilməməlidir.

8. Davamlı yenilənmə. Sİ siyasəti dəyişməz sənəd deyil; texnologiyanın inkişafına uyğun mütəmadi yenilənməlidir.

Universitet üçün yeni idarəetmə modeli

Sİ siyasəti yalnız rektorluğun sənədi olmamalıdır. Universitetdə çoxsəviyyəli idarəetmə mexanizmi yaradılmalıdır: Rektorluq → Sİ üzrə strateji komitə → fakültələr → kafedralar → müəllimlər →

tələbələr. Bu strukturda hər səviyyənin konkret məsuliyyəti müəyyən edilməlidir.

Rektorluq Sİ strategiyasını təsdiqləyir; resursları müəyyən edir; prioritetləri müəyyənləşdirir; risklərin idarə edilməsinə cavabdehdir.

Fakültə strategiyanın fakültə səviyyəsində tətbiqini təşkil edir; müəllimlərin ehtiyaclarını müəyyənləşdirir; tədris proqramlarının yenilənməsini koordinasiya edir.

Kafedra fənlər üzrə Sİ tətbiqlərini müəyyənləşdirir; müəllimlər üçün metodik dəstək yaradır; tələbələrin Sİ ilə işləmə bacarıqlarını inkişaf etdirir.

Müəllim Sİ-dən pedaqoji məqsədlərlə istifadə edir; tələbəyə Sİ savadlılığı aşılayır; akademik dürüstlüyü qoruyur.

Tələbə Sİ-dən məsuliyyətlə istifadə edir; əldə etdiyi informasiyanı yoxlayır; Sİ-dən istifadəni zəruri hallarda açıqlayır; yekun akademik məsuliyyəti öz üzərinə götürür...

Universitetlərarası əməkdaşlığın səmərəli yolları...

Hər bir universitetin ayrıca Sİ siyasəti və texnoloji ekosistemi qurması maliyyə və insan resursları baxımından çətin ola bilər. Buna görə universitetlər arasında əməkdaşlıq daha səmərəli model yarada bilər.

Əməkdaşlığın bu kimi istiqamətləri mümkündür:

• ortaq Sİ laboratoriyaları;

• müəllim təlimləri;

• birgə tədqiqatlar;

• ortaq Sİ platformaları;

• etik və təhlükəsizlik standartlarının hazırlanması;

• birgə qrant layihələri;

• universitetlərarası təcrübə mübadiləsi.

Universitetlərin ayrı-ayrılıqda deyil, əməkdaşlıq və layihələr əsasında birgə fəaliyyəti daha rasional ola bilər.

Əmək bazarının dəyişməsi: universitet hansı mütəxəssisi hazırlamalıdır?..

Süni intellekt əmək bazarının strukturunu dəyişir. Bəzi peşələrin funksiyaları avtomatlaşdırılır, yeni peşələr və yeni kompetensiyalar yaranır. Belə vəziyyətdə universitetlər qarşısında ciddi problem yaranır: bu gün mövcud olmayan peşələr üzrə mütəxəssisləri necə hazırlamaq olar?

Bu suala yalnız mövcud ixtisasların adlarını dəyişməklə cavab vermək mümkün deyil.

Universitetlər tələbələrdə universal, daha davamlı kompetensiyalar formalaşdırmalıdır: tənqidi düşünmə; problem həlli; yaradıcılıq; kommunikasiya; əməkdaşlıq; AI savadlılığı; məlumatların yoxlanılması; analitik düşünmə; ömürboyu öyrənmə; etik qərarvermə.

Bu kompetensiyalar sürətlə dəyişən əmək bazarında konkret texnologiyadan daha uzunömürlü ola bilər.

Universitet üçün strateji nəticə: texnologiya deyil, adaptiv sistem yaratmaq…

Sİ dövründə universitetin uzunmüddətli strategiyası həm uzunmüddətli, həm də çevik olmalıdır. Bu da dövrümüzün bir paradoksudur. Uzunmüddətli strategiya missiyanı; məqsədləri; əsas prinsipləri; insan kapitalı siyasətini; rəqəmsal və intellektual infrastrukturu; maliyyələşdirmə mexanizmlərin müəyyən etməlidir. Qısamüddətli planlar isə konkret texnologiyaları; pilot layihələri; təlim proqramlarını; yeni xidmətləri; qiymətləndirmə mexanizmlərini mütəmadi yeniləməlidir.

Bu model belə ifadə edilə bilər: Sabit strategiya + çevik texnoloji icra + davamlı monitorinq = Sİ dövründə dayanıqlı universitet.

Süni intellekt universitet qarşısında sadəcə yeni texnoloji imkanlar yaratmır. O, universitetin özünün nə olduğunu yenidən düşünməyə məcbur edir. Əgər əvvəlki dövrdə universitetin əsas funksiyası bilik yaratmaq, qorumaq və ötürmək idisə, Sİ dövründə buna daha bir mühüm funksiya əlavə olunur: insan və süni intellektin birgə intellektual fəaliyyətini təşkil etmək.

Bu dəyişiklik universitetin bütün səviyyələrinə nüfuz edir: idarəetmə → tədris → müəllim → tələbə → elm → qiymətləndirmə → keyfiyyət təminatı → əmək bazarı.

Ona görə universitetlər üçün əsas məsələ Sİ alətlərini mümkün qədər çox tətbiq etmək yox, Sİ-dən nə vaxt, nə üçün, necə və hansı məsuliyyətlə istifadə olunacağını müəyyən edən institusional sistem yaratmaqdır.

Bu baxımdan universitetin gələcək inkişaf modeli belə formalaşa bilər: Rəqəmsal universitet → Sİ-yə hazır universitet → Sİ ilə transformasiya olunan universitet → İntellektual universitet. Lakin bu keçid avtomatik baş verməyəcək.

Universitetin Sİ dövründə uğuru texnologiyanın özündən daha çox strateji düşüncə, rəqəmsal yetkinlik, insan kapitalı, çevik idarəetmə, akademik məsuliyyət və dəyişiklikləri qabaqcadan görmək qabiliyyətindən asılı olacaq. Universitet Sİ-ni sadəcə istifadə edən qurum olmamalıdır; Sİ-nin imkanlarını, risklərini və nəticələrini sistemli şəkildə idarə edən intellektual təşkilata çevrilməlidir. Bu, universitetin süni intellekt dövrünə transformasiyasının əsas şərtidir…