Bakı, 17 noyabr, AZƏRTAC Özbək milli rəqsi bir neçə fərqli regional rəqs məktəbini özündə birləşdirir. Bu məktəblərin hər biri ifa tərzinə, musiqi müşayiətinə, bədən hərəkətlərinə, əl və ayaqların vəziyyətinə, mimikaya və səhnə təqdimatına görə bir-birindən fərqlənir.Bu barədə AZƏRTAC-a müsahibəsində Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının baş müəllimi, PhD dərəcəsi üzrə müstəqil namizəd Susanna Useinova məlumat verib.Onun sözlərinə görə, ənənəvi olaraq Fərqanə, Buxara və Xorəzm rəqs məktəblərini fərqləndirirlər. Surxandərya rəqs ənənəsinin də özünəməxsus xüsusiyyətləri var.“Hər bir xalqın xarakteri ən dəqiq şəkildə onun rəqs ifa tərzində əks olunur. Bu üslub hər bir bölgənin tarixi, coğrafi və mədəni mühitinin təsiri altında formalaşıb. Mən obrazlı şəkildə üç əsas rəqs məktəbini quşlarla müqayisə edirəm: Fərqanə məktəbini qu quşu, Xorəzm məktəbini bülbül, Buxara məktəbini isə qartalla. Bu müqayisə həmin məktəblərin ifa tərzinə dair şəxsi təsəvvürümü əks etdirir”, – deyə agentliyin müsahibi qeyd edib.S.Hüseynovanın izahına görə, Fərqanə rəqs məktəbi yumşaqlığı, axıcılığı, lirikliyi və zərifliyi ilə seçilir. Bu məktəbin rəqs obrazları çox vaxt özbək gözəlini, gənc qızı və ya şahzadəni canlandırır. Həmin obrazlar əllərin zərif hərəkətləri, rəvan keçidlər, biləklərin incə dönüşləri və ifadəli baxışlarla yaradılır. Bu ifa tərzində qadın incəliyi, təvazökarlıq, yüngül naz-qəmzə və daxili ahəngdarlıq bir araya gəlir.Xorəzm rəqs məktəbi isə əksinə, temperamentliliyi, enerjisi və parlaq səhnə ifası ilə fərqlənir. Bu məktəbin rəmzi obrazı cəh-cəh vuran, çevik və ifadəli bülbüldür. Rəqs emosional açıqlıq, dinamiklik, hərəkətlərin virtuozluğu, bədənin, çiyinlərin və başın fəal hərəkəti ilə səciyyələnir. Rəqsin daha ifadəli görünməsində kostyum da mühüm rol oynayır. Baş geyimindəki sikkələr və sinə bəzəkləri də daxil olmaqla, müxtəlif zinət əşyaları rəqqasənin hərəkətləri ilə birlikdə tərpənərək işıq əkslərinin yaranmasına səbəb olur. Xorəzm və Buxara rəqs ənənələrində rəqqasələrin əllərinə bərkidilən kiçik zənglərdən istifadə olunur. Hərəkətlər zamanı bir-birinə toxunan bu zənglər əlavə ritmik vurğu yaradır. Xoreoqrafın sözlərinə görə, zənglər yalnız rəqs obrazını tamamlamır, həm də xoreoqrafik ifadə vasitələrini zənginləşdirərək rəqsin musiqililiyini artırır.S.Hüseynova Buxara rəqs məktəbini qürurlu, əzəmətli və vüqarlı qartalla əlaqələndirir. Bu məktəbin ifa tərzində ləyaqət, zəriflik və təmkinli ciddilik xüsusilə nəzərə çarpır. Məktəbin formalaşmasına Buxara əmirliyinin saray mədəniyyəti təsir göstərib. Bunun sayəsində hətta texniki baxımdan mürəkkəb və sürətli rəqs kompozisiyalarında belə səhnə obrazının vüqarı və nəcibliyi qorunub saxlanılıb.“Bütün regional rəqs məktəblərində əllər və biləklər bədii ifadənin ən mühüm vasitələridir. Bununla belə, barmaqların vəziyyəti, bilək və əllərin hərəkət xarakteri hər məktəbdə fərqlidir. Çiyinlərin, başın və bədənin hərəkətləri, mimika və baxışların ifadəliliyi də xüsusi əhəmiyyət kəsb edir”, – deyə xoreoqraf vurğulayıb.Özbək milli rəqsi ayrı-ayrı insanların və bütöv bir xalqın tarixini, ənənələrini, məişətini və dünyagörüşünü ifadə etmək imkanına malikdir. Xoreoqrafiyanın köməyi ilə uydurma bədii obrazlar da yaratmaq mümkündür. Məsələn, gənc qız obrazını şahzadələr, gözəllər, çiçəklər, quşlar və təbiət hadisələri vasitəsilə canlandırmaq olar.“Özbək milli rəqsi xalqın özünəməxsus dilidir. O, hərəkət plastikası, musiqi, kostyum və ifa tərzi vasitəsilə yalnız zahiri gözəlliyi deyil, həm də insanın daxili aləmini, mənəvi açıqlığını, zərifliyini, sirli dünyasını və həyata sevgisini ifadə edir. Bu sənətdə milli estetik dəyərlər və mədəni yaddaş qorunub saxlanılır”, – deyə S.Hüseynova fikirlərini yekunlaşdırıb. Müxbir – Günel Alıyeva