Gürcüstandan avtomobil gətirmək bahalaşır – Yeni ödəniş qüvvəyə minir

Gürcüstandan avtomobillərin təkrar ixracı (re-ixracı) üçün 450 lari (təxminən 174 dollar) məbləğində yeni xidmət haqqı tətbiq edilib.

Gürcüstanın Gəlirlər Xidməti tərəfindən tətbiq olunan yeni ödəniş 2026-cı il noyabrın 16-dan qüvvəyə minib.

Yeni rüsum minik avtomobillərinin re-ixracının gömrük rəsmiləşdirilməsinə şamil olunur. Bu qərar Gürcüstan üzərindən Azərbaycana avtomobil gətirən şəxslərin və avtomobil ticarəti ilə məşğul olan sahibkarların xərclərini artıracaq.

Gürcüstanın BM.GE nəşrinin məlumatına görə, indiyədək avtomobillərin re-ixracı ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində təxminən 600 lari məbləğində ödəniş həyata keçirilirdi. Yeni 450 larilik xidmət haqqının əlavə olunması ilə bir avtomobil üzrə ümumi rəsmiləşdirmə xərcləri təxminən 1050 lariyə çatacaq.

Avtomobil İdxalçıları və Avtomobil Sahibləri Assosiasiyasının rəhbəri Aleksi Noniadzenin sözlərinə görə, yeni rüsum avtomobil idxalçıları, dilerlər və logistika şirkətləri üçün əlavə maliyyə yükü yaradacaq. Onun fikrincə, bazarda təklifin tələbi üstələməsi səbəbindən əlavə xərclərin bir hissəsi satıcıların üzərinə düşə bilər.

Qeyd edək ki, Gürcüstan Azərbaycan üçün avtomobillərin əsas re-ixrac istiqamətlərindən biridir. 2026-cı ilin ilk doqquz ayında Gürcüstandan Azərbaycana 150 milyon dollar dəyərində avtomobil ixrac edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz azdır.

Yeni rüsumun Azərbaycana gətirilən avtomobillərin qiymətinə və Gürcüstan üzərindən avtomobil ticarətinin həcminə təsir edəcəyi gözlənilir.