Xocavənd, Cəbrayıl və Zəngilana daha 83 ailə köçürüldü

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç həyata keçirilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına ümumilikdə 83 ailə – 333 nəfər köçürülüb.

Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə – 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə – 45 nəfər qayıdıb.

Cəbrayıl rayonunun Soltanlı kəndinə 17 ailə – 74 nəfər, Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 18 ailə – 74 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdanlar indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Onlar həmçinin Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını ifadə edib, torpaqların azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.