Özbaşına müalicə ilə bağlı XƏBƏRDARLIQ: Antibiotiklər vəziyyəti ağırlaşdıra bilər

Soyuqdəymə zamanı antibiotiklərin həkim məsləhəti olmadan qəbulu sağlamlıq üçün təhlükəli ola bilər. Bu dərmanlar virusları məhv etmir, əksinə, əlavə fəsadlara və bakteriyaların antibiotiklərə davamlılığının yaranmasına səbəb ola bilər.

Bu barədə Piroqov Universitetinin Klinik Tibb İnstitutunun Poliklinik Terapiya kafedrasının dosenti Dmitri Karpenko bildirib.

Onun sözlərinə görə, əksər soyuqdəymə halları 7-10 gün ərzində keçir. Yüngül öskürək və burun tutulması isə üç həftəyədək davam edə bilər.

Həkim qeyd edib ki, özbaşına müalicə zamanı əsas təhlükə faydasız və zərərli dərmanların qəbulu, eləcə də daha ciddi xəstəliyin əlamətlərinin gözdən qaçırılmasıdır.

Karpenko xəstələrə istirahət etməyi, kifayət qədər maye qəbul etməyi və otağı mütəmadi havalandırmağı tövsiyə edib.

O, simptomlar 10-cu günədək yaxşılaşmadıqda, temperatur 38,5 dərəcədən yüksək olmaqla üç gündən artıq davam etdikdə və ümumi vəziyyət pisləşdikdə həkimə müraciət etməyin vacibliyini vurğulayıb. Belə hallarda dərmanların dozasını artırmaq əvəzinə, mütəxəssis çağıraraq düzgün diaqnoz qoyulmasını təmin etmək lazımdır.