Şəki, 15 noyabr, AZƏRTAC Şəki Dövlət Dram Teatrında Azərbaycan uşaq ədəbiyyatının sevilən nümunələrindən biri olan “Qaraca qız” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa yenidən məktəbli tamaşaçıların görüşünə gələcək.Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Şəki Dövlət Dram Teatrının Repertuar və dramaturgiya üzrə mütəxəssisi Lalə Məmmədova məlumat verib. “Böyük Azərbaycan yazıçısı Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin 1948-ci ildə qələmə aldığı pyesə rejissor Elvin Nuri quruluş verib. Tamaşa məktəblilərin 16–20 noyabr tarixlərini əhatə edən payız tətili günlərində, dörd gün ərzində hər gün bir seans olmaqla nümayiş etdiriləcək. Səhnə əsərinin quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Çingiz Novruzəliyev, musiqi tərtibatçısı isə Zeynəb Xəlilovadır”, - deyə Lalə Məmmədova əlavə edib.Teatrın mütəxəssisi bildirib ki, tamaşada rolları Gülxar İmamhüseynova, Nuranə Mirzəliyeva, Nərmin Abbasova, Pərviz İsmayılov, Rəşad Rüstəmov, Günay Novruzəliyeva, Rəşid Mirizadə, Hüseyn Hüseynli, Nərmin Nəbiyeva, Elvin Mabudov, Fərahim Fətəliyev, Samirə Abdullayeva, Rəsul Məmmədrəhimov, Qurban Rəsulov, Arzuman Abdullazadə və Azad Məmmədov ifa edirlər.Qeyd edək ki, dostluq, sədaqət və fədakarlıq kimi ali insani dəyərləri özündə əks etdirən səhnə əsəri məktəbli tamaşaçılara fərqli və yeni finalla təqdim olunur.
“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq
Mənbə: azertag.az/xeber/qaraca_qiz_tamasasi_yeniden_seki_sehnesinde_mekteblilere_teqdim_olunacaq-4510020