Braziliya ABŞ-ın gömrük rüsumlarından sonra Çinlə ticarətini artırıb

Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflər fonunda ABŞ ilə ticarətdə əhəmiyyətli dərəcədə azalmadan sonra Braziliya Çinlə ticarətini 20% artırıb.

Xarici KİV-ə istinadən, bunu Braziliya Prezidenti Luis İnasio Lula da Silva ASEAN sammiti çərçivəsində Maniloda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ-ın tətbiq etdiyi rüsumlar nəticəsində bu ölkənin Braziliyanın xarici ticarətindəki payı 9,2 faizə qədər azalıb.

"Braziliya bununla əlaqədar ABŞ-dan güzəştlər tələb etmək əvəzinə, ixrac və idxal bazarlarını şaxələndirmək qərarına gəlib", – dövlət başçısı qeyd edib.

O bildirib ki, Braziliyanın 50 ölkə ilə ticarət dövriyyəsi orta hesabla 10,5 faiz artıb. Çinlə ticarət təxminən 20 faiz, Almaniya ilə 15,8 faiz, İndoneziya ilə 15 faiz, Vyetnamla isə 13 faiz yüksəlib.

Prezident vurğulayıb ki, Braziliya Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) daimi tərəfdaşı statusunu əldə etməyə çalışır. Onun sözlərinə görə, bu, assosiasiyaya üzv ölkələrlə ticarət dövriyyəsini iki dəfə artırmağa və bir ticarət tərəfdaşından asılılığı azaltmağa imkan verəcək.

Qeyd edək ki, ASEAN-ın 49-cu sammiti noyabrın 15–17-də Filippinin paytaxtı Manilada keçirilir.