ABŞ Prezidenti Donald Tramp Kaliforniyada ölüm cəzasına məhkum edilmiş 563 nəfərin cəzasının ömürlük həbslə əvəzlənməsi qərarının ölkənin ədliyyə sistemi üçün ağır nəticələrə səbəb olacağını bildirib.
Bu barədə Donald Tramp “Truth Social” platformasındakı paylaşımında yazıb.
Trampın sözlərinə görə, Kaliforniya qubernatoru Qevin Nyusom ştatda ölüm cəzasına məhkum edilmiş 563 nəfərin edamının icrasını dayandırıb. ABŞ prezidenti bu qərarı “Amerikada ədalət sistemi üçün fəlakət” adlandırıb.
O, məhkumların bir çoxunun dəfələrlə qətl törətdiyini və indi “bəxtlərinə inana bilmədiklərini” qeyd edib. Tramp qərarın ləğv olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, Qevin Nyusom ötən həftə Kaliforniyada bütün ölüm hökmlərinin şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbs cəzası ilə əvəzlənməsi barədə qərar qəbul etdiyini açıqlayıb. O, ştat tərəfindən icra edilən edamların Kaliforniyanın dəyərlərinə uyğun olmadığını bildirib.