Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin gələcəkdə Avropa İttifaqına (Aİ) üzv olacağını gözlədiyini bildirib.
Bu barədə “1lurer” məlumat yayıb.
Paşinyan bu fikirləri Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı səsləndirib.
“Ermənistanı 20 ildən sonra harada görürəm? Ermənistanı Avropa İttifaqının tərkibində görürəm”, - deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib. 2026-cı ilin mayında isə İrəvanda Ermənistan-Aİ tarixində ilk sammit keçirilib və yekunda 44 bənddən ibarət birgə bəyannamə qəbul olunub.
Paşinyan daha əvvəl Ermənistanın Aİ-yə üzvlük üçün rəsmi müraciət prosesinə başlayacağını və müraciətdən sonra bu məsələ ilə bağlı referendum keçirilə biləcəyini bildirmişdi. O, ölkənin eyni vaxtda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olmasının mümkün olmadığını da qeyd edib.