Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) gözlənilən güclü küləklə əlaqədar sürücülərə müraciət edib.
Müraciətdə bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 15-i gündüz saatlarından 16-sı axşamadək Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində güclü külək əsəcək.
BDYPİ hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar sürücüləri diqqətli və ehtiyatlı olmağa çağırıb.
Qeyd olunub ki, güclü külək avtomobilin idarə edilməsini çətinləşdirə, görmə məsafəsini məhdudlaşdıra, ağac budaqlarının və müxtəlif əşyaların yola düşməsinə səbəb ola bilər. Bu amillər yol-nəqliyyat hadisələri riskini artırır.
Sürücülərə sürəti hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil manevrlərdən və ötmələrdən çəkinmək tövsiyə olunub. Xüsusilə körpülərdə, estakadalarda və açıq ərazilərdən keçən yollarda diqqətli olmaq, iriqabaritli və ağırtonnajlı nəqliyyat vasitələrini idarə edərkən küləyin yaratdığı təhlükələri nəzərə almaq tövsiyə edilib.
BDYPİ bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına riayət etməyə, özlərinin və digər şəxslərin təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırıb.