66 il əvvəl dünya elmi bu günki tarixi bəşəriyyətin sonu kimi elan etmişdi. 1960-cı ildə nüfuzlu "Science" jurnalında dərc olunan bir elmi araşdırma Yer kürəsinin məhz bu gün – 2026-cı il noyabrın 13-də "öz-özünü məhv edəcəyini" proqnozlaşdırmışdı.
Musavat.com-a istinadən, avstriyalı fizik Haynts fon Förster və İllinoys Universitetindən olan həmkarları o dövr üçün sensasion sayılan riyazi model irəli sürmüşdülər. Onların fikrincə, bəşəriyyəti nüvə müharibəsi və ya kosmik fəlakət deyil, məhz əhalinin nəzarətsiz artımı məhv edəcəkdi.
Alimlərin hesablamalarına görə, həmin gün Yer kürəsinin əhalisi sonsuz saya çatmalı və planet həddindən artıq sıxlıqdan sıradan çıxmalı idi. Lakin bu gün – 13 noyabr 2026-cı ildə dünya yerindədir, bəşəriyyət yaşayır və planetimizdə təxminən 8,3 milyard insan sakinidir.
Alimlər "qiyamət gününü" necə hesablamışdılar?
Fon Förster və komandasının gəldiyi qənaət təsadüfi rəqəmlərə deyil, həmin dövrün demoqrafik tendensiyalarının soyuq riyazi ekstrapolyasiyasına əsaslanırdı. Alimlər təhlil edərək müəyyən etmişdilər ki, bəşəriyyət tarixində əhalinin ikiqat artması üçün tələb olunan zaman fasiləsi durmadan qısalır.
Bu sürətlənməni düstura tətbiq edən tədqiqatçılar "hiperbolik artım" nəzəriyyəsinə gəlib çıxdılar. Düstura görə, artım sürəti o həddə çatmalı idi ki, müəyyən nöqtədə əhali sayı riyazi olaraq sonsuzluğa yüksəlməli idi.
Formula konkret gün deyil, 2026,87 rəqəmini (üstəgəl-əskik 5,5 il fərqlə) göstərirdi. O dövrdə "The New York Times" qəzetinin yazdığına görə, Haynts fon Förster bu geniş aralıqda simvolik olaraq cümə gününə düşən 13 noyabr tarixini seçmişdi. Maraqlı təsadüf odur ki, 13 noyabr həm də fizikin öz doğum günü idi.
Bəs 66 il əvvəlki proqnoz niyə özünü doğrultmadı?
Müasir demoqraflar bu məşhur səhvin arxasında duran 3 əsas səbəbi göstərirlər. Təbiətdə və cəmiyyətdə heç bir artım sonsuzluğa qədər eyni sürətlə davam edə bilməz. Resursların məhdudluğu müəyyən mərhələdə bu sürəti boğmalıdır.
XX əsrin ikinci yarısından başlayaraq şəhərləşmənin sürətlənməsi, qadınların təhsilə və karyeraya yiyələnməsi qlobal miqyasda doğum əmsalını kəskin şəkildə aşağı saldı. Kənd təsərrüfatındakı yeniliklər ərzaq istehsalını dəfələrlə artıraraq bəşəriyyəti kütləvi aclıq təhlükəsindən qorudu.
Bəşəriyyəti qarşıda nə gözləyir?
BMT və beynəlxalq tədqiqat mərkəzlərinin proqnozlarına görə, qlobal əhali artımı artıq pik həddinə yaxınlaşır. Tədqiqatçılar hesab edirlər ki, dünya əhalisi 2080-ci illərdə təxminən 10,3 milyard nəfərlə zirvə nöqtəsinə çatacaq, bundan sonra isə əhalinin qocalması və doğumun azalması fonunda təbii tənəzzül dövrü başlayacaq.
Beləliklə, Haynts fon Försterin 66 il əvvəl səsləndirdiyi "qiyamət xəbərdarlığı" reallaşmasa da, elmi dairələri resursların qorunması və demoqrafik tarazlıq barədə düşünməyə vadar edən tarixi bir xəbərdarlıq kimi yadda qaldı.