Kiyev, 14 noyabr, AZƏRTAC Dublində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü bir daha onu göstərdi ki, müharibənin lap əvvəlindən iki ölkə rəhbərliyi səviyyəsində sıx ünsiyyət, əməkdaşlıq davam etdirilir. Bu fikri AZƏRTAC-a açqıqlamasında ukraynalı ekspert İvan Us deyib.Ekspertin sözlərinə görə, Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir: “Azərbaycan dəfələrlə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bundan əlavə, əsasən Şuşada, eləcə də Azərbaycanın digər yerlərində keçirilən forumlarda Azərbaycan həmişə vurğulayıb ki, Ukrayna heç vaxt öz ərazilərinin işğalına razı olmamalıdır”. İvan Us bildirib ki, Azərbaycan Ukraynaya enerji dəstəyini və yardımını davam etdirir: “SOCAR şirkəti Ukraynada fəaliyyət göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində rol oynayır. Ukraynanın enerji təhlükəsizliyini təmin etmək üçün iki ölkə arasında əməkdaşlıq potensialı çox yüksəkdir”. Emil Hüseynli AZƏRTAC-ın xüsusi müxbiri Kiyev