Bakı, 14 noyabr, AZƏRTAC İdeoloji təhdidlərə qarşı hər bir xalqın üç immunitet dayağı var. Bunlar tarixi, mənəvi və mədəni yaddaşdır. Azərbaycan Prezidentinin milli-mənəvi dəyərlərimizlə bağlı məsələni məhz Xankəndidə yenidən gündəmə gətirməsi və aktuallaşdırması da məhz bu yaddaş faktorlarına dayanır.AZƏRTAC xəbər verir ki, bunu "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin(İB) təşkilatçılığı ilə "Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik" mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, burada dərin qatlarda maarifçilik olmalıdır: "Bu prosesin arxasında mühüm bir maarifçilik missiyası durur. Əsas sual budur: mədəni irsimizi nə dərəcədə tanıyırıq və əlimizdəki məlumatlar nə qədər obyektivdir? Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır. İmperiyalar və müstəmləkəçi qüvvələr hədəfə aldıqları cəmiyyətlərin xüsusiyyətlərini təhlil edərək onlara uyğun idarəetmə metodları tətbiq edirlər. Məsələn, regionun geosiyasi reallıqlarını və xalqların psixologiyasını ruslar və farslar qədər dərindən bilən ikinci bir tərəf yoxdur. Hazırlanan ssenarilər də məhz cəmiyyəti asanlıqla təsir altına salmaq və idarə etmək məqsədi daşıyır". Müxbir Nailə Həsənova Foto Azər İbrahimov