Bakıda marketdən 1492 manat pulu oğurlayaraq qaçan məktəbli cinayət məsuliyyətinə cəlb edilib.
Bakupost.az-a istinadən, hadisə Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Rahat” supermarketdə baş verib.
2010-cu il təvəllüdlü, tam eşitmə məhdudiyyətli, Xəzər rayonundakı internat tipli xüsusi ümumtəhsil məktəbinin 11-ci sinif şagirdi S.Səməndərov (şərti soyadlı) gizli yolla marketin müdirinin otağına daxil olaraq oradan 1492 manat pulu götürüb. O, supermarketi tərk etdikdən sonra həmin pulla özünə dönər alıb və digər yerlərdə xərcləyib.
Marketin rəhbərliyi hadisə anını əks etdirən görüntüləri polisə təqdim edib. Keçirilən tədbirlərlə məktəbli oğlan saxlanılıb. Onun üzərindən 62 manat pul aşkar edilərək götürülüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə iş başlanılıb. İşin materialları Xəzər Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə marketin nümayəndəsi S.Səməndərovdan şikayətçi olmadıqlarını bildiriblər. Onlar məktəblinin ailə vəziyyətini və sağlamlıq imkanlarını nəzərə alaraq barışıqla bağlı sənəd təqdim ediblər. Həmçinin vurulmuş zərərin ödənilməməsi də qeyd edilib.
Məhkəmənin hökmü ilə 16 yaşlı S.Səməndərova 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və yaşadığı ərazini tərk etməməsi ilə bağlı üzərinə vəzifələr qoyulub.