Azərbaycanın xarici siyasət strategiyası ölkənin beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir - Rəy

Azərbaycanın son illərdə həyata keçirdiyi praqmatik, çoxvektorlu və milli maraqlara əsaslanan xarici siyasət strategiyası ölkənin beynəlxalq münasibətlər sistemindəki mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Bunu açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, əldə olunan uğurlu nəticələrin təməlində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun sistemli və strateji xarakter daşıması dayanır:

"Bu kursun mühüm xüsusiyyətlərindən biri də Azərbaycanın müxtəlif geosiyasi istiqamətlərdə paralel və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmasıdır. Bu siyasət ölkəmizə beynəlxalq proseslərdə iştirakını genişləndirmək, milli maraqlarını daha effektiv müdafiə etmək və regional məsələlərlə yanaşı, qlobal gündəliyin formalaşmasına da töhfə vermək imkanı yaradır".

Deputat bu xüsusda Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin sammitlərində iştirakını və həmin platformalar çərçivəsində keçirdiyi çoxsaylı yüksək səviyyəli görüşləri Azərbaycanın Avropa siyasi məkanındakı fəal diplomatik mövqeyinin mühüm göstəricisi adlandırıb:

"2022-ci ildə Praqada keçirilmiş ilk sammitdən başlayaraq Azərbaycanın bu platformada iştirakı ölkəmizin Avropa dövlətləri ilə siyasi dialoqun inkişafına verdiyi önəmi nümayiş etdirir. Dövlət başçısının 2024-cü ildə Böyük Britaniyada keçirilmiş dördüncü, 2025-ci ildə isə Albaniyada təşkil olunan altıncı və Danimarkada baş tutan yeddinci sammitlərdə iştirakı bu diplomatik xəttin ardıcıl xarakter daşıdığını təsdiqləyir".

E.Mirzəbəyli Azərbaycanın xarici siyasətində əsas məqsədlərdən birinin müxtəlif regional təşkilat və beynəlxalq platformalarda mövcud iştirak imkanlarını real diplomatik nəticələrə çevirmək olduğuna diqqət çəkib:

"Bu baxımdan, ölkəmizin beynəlxalq təşkilatlarda rəhbər mövqelərə gəlməsi, sədrliyə seçilməsi və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi xüsusi əhəmiyyət daşıyır".

Milli Məclisin deputatı bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi diplomatik uğurların ölkənin beynəlxalq münasibətlər sistemində keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir:

"Avropa siyasi məkanında fəal iştirak, Mərkəzi Asiya və türk dünyası ilə strateji əməkdaşlığın dərinləşdirilməsi, MDB və İslam ölkələri ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq təşkilatlarda rəhbər mövqelərin əldə olunması vahid xarici siyasət strategiyasının bir-birini tamamlayan istiqamətləridir".