Modern.az-a müraciət edən vətəndaş Kapital Bankın kredit kartı ilə bağlı yaşadığı problemlə əlaqədar narazılığını bildirib.
Vətəndaşın sözlərinə görə, 9–10 noyabr tarixlərində onun kredit kartından PUBG Mobile və abunə olmadığı bir neçə digər oyun platforması vasitəsilə məlumatı və razılığı olmadan ödəniş cəhdləri həyata keçirilib. Bank şübhəli əməliyyatları əsas gətirərək kartı avtomatik bloklasa da, bundan sonra da kartdan vəsait çıxarılmasına cəhdlər davam edib.
Məsələ ilə bağlı banka müraciət edən müştəri problemin araşdırılması əvəzinə, ziddiyyətli izahlarla qarşılaşdığını deyir.
Onun bildirdiyinə görə, çatbot vasitəsilə ünsiyyətdə olduğu bank əməkdaşı əvvəlcə əməliyyatları özünün həyata keçirmiş ola biləcəyini ehtimal edib. Daha sonra isə kart məlumatlarının üçüncü şəxslərin əlinə keçməsi variantını irəli sürüb. Bankdan sonradan telefonla əlaqə saxlayan başqa bir əməkdaş isə ödənişlərin xarici internet saytı vasitəsilə aparıldığını bildirib.
Vətəndaşın sözlərinə görə, bank əməkdaşları ondan Birbank tətbiqindəki abunəliklərini yoxlamağı istəyiblər. O, yoxlama apararaq mübahisəli əməliyyatlarla əlaqəli heç bir abunəliyin olmadığını bildirib. Daha sonra App Store üzərindən də abunəliklərini yoxlayıb və orada da belə bir abunəlik aşkarlamayıb.
Buna baxmayaraq, müştəriyə ödənişlərin onun abunəliyi əsasında həyata keçirildiyi bildirilməyə davam edilib.
“Əgər mənim nə Birbank tətbiqində, nə də App Store-da həmin oyun platformalarına aid abunəliyim yoxdursa, bank bu ödənişləri hansı əsasla mənim abunəliyimlə əlaqələndirir? Əməliyyatların hansı mexanizmlə həyata keçirildiyi, hansı təsdiq üsulundan istifadə olunduğu araşdırılmalı deyilmi? Mən bank əməkdaşlarının tövsiyəsi ilə bütün yoxlamaları aparmışam və belə bir abunəliyin olmadığını bildirmişəm. Buna baxmayaraq, yenə də məsuliyyətin mənim üzərimə qoyulmasını anlamıram”, – vətəndaş qeyd edib.
O, bankın mövqeyində başqa bir ziddiyyətin də olduğunu düşünür. Belə ki, şübhəli hesab edilən əməliyyatlara görə kart bloklandığı halda, həmin əməliyyatların müştərinin özü tərəfindən həyata keçirildiyi ehtimalının irəli sürülməsi suallar yaradır.
Müştərinin sözlərinə görə, bankın başqa bir əməkdaşı isə bu cür hallara görə bankın məsuliyyət daşımadığını bildirib. Təhlükəsizliklə bağlı suallarına verilən cavablar onda müştərinin maliyyə təhlükəsizliyinin lazımi səviyyədə qorunmadığı təəssüratını yaradıb.
Vətəndaşın narazılığı bununla da bitmir. O bildirir ki, nəticədə kartı üzrə gözlənilmədən borc yaranıb. Üstəlik, yeni kart sifarişi üçün ödəniş etməsi də təklif olunub.
“Bir tərəfdən mənim razılığım olmadan həyata keçirildiyini bildirdiyim əməliyyatlarla bağlı aydın cavab ala bilmirəm, digər tərəfdən kartım üzrə borc yaranır və yeni kart üçün də ödəniş etməyim təklif olunur. Mən də bank əməkdaşları kimi bunun qəsdən məni borclu vəziyyətə salmaq üçün edildiyini iddia edə bilərəmmi? Əlbəttə, belə bir iddia üçün sübut lazımdır. Elə isə müştəri haqqında da sübuta əsaslanmayan ehtimallar irəli sürülməməlidir”, – o bildirib.
Şikayətçi məsələ ilə bağlı banka rəsmi müraciət etdiyini də qeyd edir. Lakin onun sözlərinə görə, müraciətinə verilən cavabda xidmət zamanı hər hansı qayda pozuntusunun olmadığı bildirilib. Müştəri isə bank əməkdaşlarının ünsiyyət tərzindən və problemin həllinə yanaşmasından narazı qalıb.
“Bank əməkdaşları müştəridən hörmət tələb etməzdən əvvəl özləri hörmət göstərməlidirlər. Müştərinin problemi araşdırılmalı, ona aydın və əsaslandırılmış cavab verilməlidir. Müştəriyə müxtəlif ehtimallar söyləməklə məsələni bağlamaq olmaz”, – vətəndaş vurğulayıb.
O, yaşadığı təcrübədən sonra Kapital Bank kartlarını mərhələli şəkildə bağlamaq qərarına gəldiyini bildirib.
Şikayətçinin fikrincə, bank seçimi yalnız keşbek, kartın imkanları və digər üstünlüklərlə ölçülməməlidir. Əsas məsələ bankın problem yaranan zaman müştərinin yanında olması, müraciəti obyektiv araşdırması və maliyyə təhlükəsizliyinə məsuliyyətlə yanaşmasıdır.
Vətəndaş Kapital Bankdan mübahisəli əməliyyatların hansı qaydada və hansı təsdiq mexanizmi ilə həyata keçirildiyinə, yaranmış borcun hüquqi və maliyyə əsaslarına, eləcə də yeni kart sifarişi üçün ödəniş tələbinə aydınlıq gətirilməsini istəyir.