İpoteka üçün ayrılan limitlərə 6 848 müraciət daxil olub

Azərbaycanda adi ipoteka kreditlərinin verilməsi üçün ayrılmış növbəti limitlər çərçivəsində 1 393 nəfərin müraciəti qeydə alınıb.

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən 13 noyabr 2026-cı il tarixində saat 15:00-dan etibarən vətəndaşların müraciətlərinin qəbuluna başlanılıb.

Fondun məlumatına görə, elan edilmiş vaxtda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində ipoteka krediti əldə etmək üçün ümumilikdə sistemə 6 848 müraciət daxil olub.

Bu il ilk dəfə ipoteka kreditləşməsi prosesində vətəndaşlar müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyiblər.

Müraciətlərin "Mygov" portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən bərabər şəraitdə və real vaxt rejimində qəbulunu təmin etmək məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə sistemin dayanıqlılıq və təhlükəsizlik testləri aparılıb. Tətbiq olunan informasiya təhlükəsizliyi mexanizmləri sayəsində sistemin fasiləsiz fəaliyyəti təmin edilib və onun işinə daimi nəzarət həyata keçirilib.

Fond qeyd edib ki, ipoteka kreditlərinin əlverişli şərtlərlə və aşağı faiz dərəcələri ilə təqdim edilməsi əhali arasında bu maliyyə alətinə yüksək tələbat formalaşdırıb.

Müraciətlərin qəbulundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun davam etdirilir.