Meksikada hərbçilər və yerli kartel üzvləri arasında baş verən silahlı atışma nəticəsində iki nəfər həyatını itirib.
Bu barədə məlumatı "Milenio" qəzeti yayıb.
Nəşrin rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, hadisə Meksikanın Xalisko ştatının Okotlan bələdiyyəsində qeydə alınıb.
Ölkənin Müdafiə Nazirliyinin əməkdaşları oğurlanmış avtomobillə bağlı siqnal alıblar. Hadisə yerinə çatan hərbçilər üç avtomobildə olan və cinayətkar qruplaşmanın üzvləri olduğu ehtimal edilən silahlı şəxslərin hücumuna məruz qalıblar. Hərbçilər zirehli nəqliyyat vasitəsini təqib edərək onu vurublar və bundan sonra tərəflər arasında şiddətli atışma başlayıb.
Qəzetin yazdığına görə, hücum edənlərdən iki nəfər məhv edilib, bir hərbçi isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları şübhəlilərdən birini - Honduras vətəndaşını saxlayıb.
Məlumata əsasən, avtomobildən Meksika kartelinə məxsus pulemyot, üç tüfəng və iki qumbara aşkar edilərək götürülüb. Hazırda polis əməkdaşları hadisədən sonra qaçıb gizlənən silahlı qruplaşmanın digər üzvlərini tapmaq məqsədilə ərazidə patrul xidməti həyata keçirirlər.