Hörmətli cənab Prezident!
Azərbaycanda medianın inkişafında xidmətlərimə görə məni "Tərəqqi" medalı ilə təltif edərək uzun illər ərzində göstərdiyim əməyə verdiyiniz yüksək qiymətə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.
Azərbaycan radiosunun 100 illik yubileyi və televiziya və radio işçilərinin peşə bayramı münasibətilə bu yüksək dövlət təltifinə layiq görülmək mənim üçün xüsusilə əlamətdar və qürurvericidir.
1989-cu ildən başlayaraq peşəkar fəaliyyətimi ölkəmizin rabitə, televiziya və radio yayımı sisteminin texniki təminatına həsr etmişəm. Bu illər ərzində müxtəlif sahələrdə mühəndis və rəhbər vəzifələrdə çalışaraq yayımın fasiləsizliyinin, texniki etibarlılığının və müasir tələblərə uyğun təşkilinin təmin olunmasına öz töhfəmi vermişəm.
Ömrümün böyük bir hissəsini həsr etdiyim peşə fəaliyyətimin dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsi mənim üçün əvəzsiz mənəvi mükafatdır.
Bu diqqət yalnız şəxsi əməyimə verilən qiymət deyil, eyni zamanda televiziya və radio yayımının arxasında dayanan mühəndis-texniki heyətin zəhmətinə göstərilən ehtiramın təzahürüdür.
Bu təltif mənim üçün böyük mənəvi dəyər daşımaqla yanaşı, gələcək fəaliyyətimdə də bilik və təcrübəmlə Azərbaycan televiziya və radio yayımı sahəsinin inkişafına xidmət etmək əzmimi daha da artırır.
Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin qüdrətlənməsi və xalqımızın firavan gələcəyi naminə həyata keçirdiyiniz fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.
Dərin hörmət və ehtiramla,
Əliheydər Hüseynov,
"ARB 24" MMC-nin baş mühəndisi,
Azərbaycan Respublikası, Bakı şəhəri.