Ronaldo ilk filmdən sonra serial da çəkəcək

Kriştiano Ronaldo diqqəti yalnız yaşıl meydanda özünə cəlb etməklə kifayətlənmir. Portuqaliyalı ulduz futbolçu özünü kinematoqrafiya sahəsində də sınayıb.

“Əl-Nəssr”in hücumçusu britaniyalı rejissor Metyu Vonla əməkdaşlıq edərək ilk tammetrajlı filmini ərsəyə gətirib.

Bu barədə ABŞ-nin “Deadline” nəşrinin məlumatına görə, “Stuntmen” (“Kaskadyorlar”) adlanan komediya və döyüş janrındakı film iki kaskadyorun macəralarından bəhs edir. Ekran əsərində baş rolları Hollivud ulduzları Kris Hemsvort ilə “Oskar” mükafatçısı Sem Rokvell canlandırıblar. Ronaldo aktyor Mett Deymonu da filmdə epizodik rolda çəkilməyə şəxsən dəvət edib.

Filmin yaxın günlərdə ABŞ-də keçiriləcək “American Film Market” kino bazarında rəsmi təqdimatı nəzərdə tutulub. Yaradıcı heyət ekran əsərinin dünya miqyasında fəaliyyət göstərən böyük distribütor şirkət və ya striminq platforması ilə satışına dair razılıq əldə etməyi planlaşdırır.

Kriştiano isə bir filmlə kifayətlənmir. O, Britaniya futbolundan bəhs edən “Day 1s” serialının istehsalına start verildiyini açıqlayıb. 41 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım edib. Ronaldo çəkiliş meydançasından görüntüləri və layihənin prodüseri Metyu Vonla birgə fotosunu yayımlayıb.

Serial uydurma futbol agenti Stenli Daltonun həyatından bəhs edəcək. Baş qəhrəmanı “Homeland” və “Billions” seriallarından tanınan aktyor Demyen Lyuis canlandıracaq. Layihədə Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri və britaniyalı reper Dave də iştirak edəcək.

Qeyd edək ki, Ronaldo Vonla birlikdə rəhbərlik etdiyi UR Marv Studios vasitəsilə layihənin icraçı prodüseri kimi çıxış edir. Portuqaliyalı futbolçunun özü də serialda rol alacaq.