Bakı, 13 noyabr, AZƏRTAC Beynəlxalq Enerji Agentliyi (IEA) Körfəz ölkələrinin ixrac həcmlərinin artması nəticəsində oktyabr ayında qlobal neft təklifinin əvvəlki ayla müqayisədə sutkada 2 milyon 300 min barel artaraq 105 milyon 360 min barelə çatdığını açıqlayıb.AZƏRTAC xəbər verir ki, IEA-nın oktyabr ayı üzrə neft bazarı hesabatına əsasən, tankerlərə hücumların kəskin artmasına baxmayaraq, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata üzv olmayan bəzi neft hasilatçısı ölkələrdən ibarət OPEC+ qrupunun hasilatı oktyabrda aylıq müqayisədə sutkada 2 milyon 390 min barel artaraq 44 milyon 60 min barelə yüksəlib. OPEC+ ölkələrində hasilatın artmasına, əsasən, Səudiyyə Ərəbistanı və İraq başda olmaqla, Yaxın Şərqdə neft tədarükünün bərpası təsir göstərib. Hörmüz boğazı vasitəsilə neft axınının artması, eləcə də Səudiyyə Ərəbistanının Şərq-Qərb neft boru kəməri ilə daşımaların həcmini artırması regionda təklifin yüksəlməsini dəstəkləyib. OPEC+ qrupuna daxil olmayan ölkələrdə isə neft təklifi sutkada 90 min barel azalaraq 61 milyon 300 min barelə enib. Braziliyanın bir sıra mühüm yataqlarında aparılan texniki xidmət işləri, həmçinin ABŞ-də “İsayas” qasırğası səbəbindən dənizdə neft hasilatının azalması bu geriləməyə təsir edən əsas amillər olub. Bu il qlobal neft təklifinin azalacağı gözlənilir IEA cari ildə qlobal neft təklifinin ötən illə müqayisədə sutkada 4 milyon 700 min barel azalaraq təxminən 101 milyon 600 min barel təşkil edəcəyini proqnozlaşdırır. Gələn il isə bu göstəricinin sutkada təxminən 6 milyon 500 min barel artaraq 108 milyon 100 min barelə yüksələcəyi gözlənilir.Hesabata görə, gələn il qlobal neft təklifinin bərpası ilə bağlı proqnozlar Yaxın Şərqdə enerji infrastrukturuna və dəniz nəqliyyatına qarşı hücumların ixrac və hasilat üçün yaratdığı risklər səbəbindən hələ də kövrək xarakter daşıyır. Qlobal neft tələbatının bu il sutkada 2,7 milyon barel azalacağı proqnozlaşdırılır IEA-nın qiymətləndirməsinə görə, bu il qlobal neft tələbatı sutkada 2 milyon 684 min barel azalaraq orta hesabla 102 milyon 285 min barel təşkil edəcək.Gözləntilərə əsasən, gələn ilin ilk aylarında tələbatda azalma davam edəcək, lakin mart ayı ətrafında yenidən artım müşahidə olunacaq. Nəticədə, gələn il qlobal neft tələbatının sutkada 2 milyon 12 min barel artaraq 104 milyon 297 min barelə çatacağı proqnozlaşdırılır.Gələn il tələbat artımının təxminən 80 faizinin təchizat zəncirlərinin normallaşması fonunda mayeləşdirilmiş neft qazı (LPG), etan və nafta hesabına təmin olunacağı gözlənilir.Nəqliyyat sektorunda istifadə olunan yanacağa tələbatın isə artımının məhdud olacağı ehtimal edilir. Buna yüksək qiymətlərin avtomobil parkında elektrikləşməni və yanacaq səmərəliliyini sürətləndirməsi təsir göstərəcək.