Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il noyabrın 12-də İrlandiyanın paytaxtı Dublin şəhərində "Avropa Siyasi Birliyi"nin 9-cu Sammitində iştirak edib. Sammit Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji, nəqliyyat və digər sahələrdə tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı sammit çərçivəsində bir sıra dövlət və hökumət rəhbərləri ilə görüşüb.

Report-a istinadla, Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək şəxsi nüfuzu, ölkənin beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, regional və qlobal məsələlərin həllində rolunun genişlənməsi ilə bağlıdır. Bu maraq dövlət və hökumət başçılarının, Avropa Birliyinin yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərlərində, Prezident İlham Əliyevlə görüşlərində və yeni əməkdaşlıq təşəbbüslərində özünü göstərir.

Diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi bir sıra ikitərəfli görüşlərin qarşı tərəfin müraciəti və sorğusu əsasında təşkil edilməsidir. Davosda, Münxendə və digər platformalarda keçirilən görüşlər məhz bu qaydada baş tutub. Bununla yanaşı Avropa Birliyinin yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərləri də dövlət başçısının şəxsi nüfuzunu, ölkənin artan gücünü və etibarlı dialoq tərəfdaşı kimi mühüm rolunu göstərən nümunələrdəndir.

2026-cı ildə AB-nin ali nümayəndəsi Kaya Kallas və genişlənmə üzrə komissar Marta Kos, Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen Azərbaycana işgüzar səfərlər edib. Bu səfərlər və Dublində baş tutan görüşlər Avropanın Azərbaycana xüsusi önəm verdiyini göstərir.

Enerji və nəqliyyat Avropa gündəmindədir

Azərbaycanın enerji və nəqliyyat sahələrində yaratdığı strateji imkanlar onun beynəlxalq siyasi çəkisini gücləndirir. Cənub Qaz Dəhlizinin, Orta Dəhlizin və Xəzər üzərindən yeni bağlantıların inkişafı ölkənin Avropa ilə Asiya arasındakı iqtisadi əlaqələrdə rolunu genişləndirir. Dublin sammitində enerji təchizatı və bağlantıların əsas müzakirə mövzuları sırasında yer alması bu istiqamətlərin Avropa üçün strateji əhəmiyyətini göstərir. Azərbaycan isə həmin sahələrdə artıq konkret layihələr həyata keçirir.

2022-ci ildə Azərbaycanla Avropa Birliyi arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir və onların 10-u Avropa İttifaqının üzvüdür. Qaz ixracının coğrafiyası da genişlənməkdədir.

"Yaşıl enerji" sahəsində əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur. Xəzər dənizinin külək enerjisi potensialı, günəş enerjisi layihələri, Mərkəzi Asiya ilə Yaşıl Enerji Dəhlizləri və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Avropa bazarları ilə əlaqələrin genişlənməsinə xidmət edir. Nəqliyyat və logistika sahəsində isə Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub marşrutları Azərbaycanın Avropa ilə Asiya arasında mühüm tranzit mərkəzi kimi əhəmiyyətini artırır.

Dublində dövlət və hökumət başçıları ilə görüşlər

Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti Vladimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb. Dövlət başçısı həmçinin Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis, Çexiyanın Baş naziri Andrey Babiş, Rumıniya Prezidenti Nikuşor Dan, Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta və Litva Prezidenti Gitanas Nauseda ilə görüş keçirib. Bütün görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, Azərbaycanın regionda rolu, iqtisadi potensialı geniş müzakirə predmeti olub.

Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Borhemlə görüşü zamanı "Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" mübadilə olunub. Bu bəyannamənin qəbul edilməsi iki ölkə arasında əlaqələrin rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə qalxmasına xidmət edir. Hətta bu sənədin qəbulundan əvvəl də Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıyırdı.

Endi Borhemlə görüşdə Prezident İlham Əliyev enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq, Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu bildirib.

ASB sammitlərində iştirak

Prezident İlham Əliyevin ASB sammitlərində iştirakı və onların çərçivəsində keçirdiyi çoxsaylı yüksək səviyyəli görüşlər Azərbaycanın Avropa siyasi məkanındakı fəal diplomatik mövqeyini nümayiş etdirir. Dövlət başçısı 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada ASB-nin 1-ci Sammitində, 2023-cü ilin iyununda Moldovanın Bulboaka kəndində 2-ci Sammitdə, 2024-cü ilin iyulunda Böyük Britaniyada, Oksfordda 4-cü Sammitdə iştirak edib.

2025-ci ilin mayında Albaniyanın paytaxtı Tiranada ASB-nin 6-cı Sammiti, həmin ilin oktyabrında Danimarkanın paytaxtı Kopenhagendə 7-ci Sammit keçirilib. 2026-cı ilin mayında Ermənistanın paytaxtı İrəvan şəhərində ASB-nin 8-ci Sammiti baş tutub və Prezident İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib. 2026-cı il noyabrın 12-də Dublin şəhərində isə 9-cu Sammit keçirilib.

Azərbaycan ASB çərçivəsində milli maraqlarına əsaslanan strateji prioritetlərini və regional təşəbbüslərini Avropa liderlərinin gündəminə çıxarır. Prezident İlham Əliyev sammitlərdə iştirakı, çıxışları və yüksək səviyyəli görüşləri zamanı Azərbaycanın Cənubi Qafqazda sülh və təhlükəsizliklə bağlı mövqeyini birbaşa təqdim edib. O, enerji və nəqliyyat layihələri, eləcə də regional əməkdaşlıq təşəbbüsləri barədə də məlumat verib. Beləliklə, sülh və təhlükəsizliklə yanaşı, enerji, nəqliyyat və regional əməkdaşlıq da Azərbaycanın gündəmə gətirdiyi məsələlər sırasında yer alır.

Gündəlik Avropadan genişdir, 2028-ci ildə sammit Bakıda olacaq

Azərbaycanın xarici siyasəti təkcə Avropa ilə münasibətlərdən ibarət deyil. Ölkə Mərkəzi Asiya, MDB məkanı və İslam dünyası ilə də əlaqələrini inkişaf etdirir. Son illərdə bu sahələrdə əməkdaşlığın institusional əsasları genişlənib. Azərbaycanın beynəlxalq təşkilatlarda rəhbər mövqelər tutması və böyük tədbirlərə ev sahibliyi etməsi diplomatik fəaliyyətinin miqyasını artırıb.

Azərbaycan 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammitinə ev sahibliyi edəcək. Prezident İlham Əliyev bu barədə 2026-cı il mayın 4-də İrəvanda keçirilən 8-ci Zirvə Görüşündə çıxış edərkən bildirib. O, Azərbaycanın namizədliyinin qəbul olunduğunu və ölkənin 2028-ci ilin mayında ASB iştirakçılarını qəbul edəcəyini deyib. Sammit Azərbaycanın çoxtərəfli diplomatiyasında və "Avropa Siyasi Birliyi" ilə əlaqələrində yer alacaq.

Sammit dövlət və hökumət başçılarını, həmçinin Avropa institutlarının rəhbərlərini Bakıda bir araya gətirəcək. Görüşdə ümumi siyasi məsələlərin müzakirəsi, ikitərəfli təmasların genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Tədbir Azərbaycana Avropa ölkələri ilə siyasi dialoq üçün əlavə platforma yaradacaq.