Bakı, 13 noyabr, AZƏRTACQəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində Şəki-Zaqatala regionunda növbəti tədbirlər keçirilib. Tədbirlər çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yaşayış məntəqələrində, təhsil müəssisələrində, ictimai yerlərdə və aqrar təsərrüfatlarda əhali ilə maarifləndirici görüşlər təşkil edib. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatına vurduğu zərər və mübarizə üsulları barədə məlumat verilib. Qəhvəyi mərmər bağacığının qışlamaq üçün yaşayış evlərinə, anbarlara, tövlələrə və digər qapalı məkanlara sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, payız-qış dövründə mexaniki mübarizə tədbirlərinin aparılması böyük əhəmiyyət daşıyır, aşkar edilən zərərvericilərin toplanaraq məhv edilməsi onların çoxalmasının qarşısını alır.Qeyd edək ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilboyu diqqətdə saxlanılmalı, xüsusilə qış dövründə mexaniki mübarizə tədbirləri davamlı həyata keçirilməlidir. Hər bir vətəndaşın bu prosesdə fəal iştirakı mübarizənin səmərəliliyini artıracaq və kənd təsərrüfatı məhsullarının qorunmasına mühüm töhfə verəcək.