“Legion Financial” Açıq Səhmdar Cəmiyyəti (ASC) 95 min manat həcmində səhm emissiyası həyata keçirəcək. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 950 ədəd adi, adlı, sənədsiz səhm buraxılacaq. Səhmlərin “Bakı Fond Birjası” QSC-də kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. Yerləşdirmə zamanı mövcud səhmdarlara üstünlük hüququ veriləcək.
Emissiyanın əsas məqsədi şirkətin nizamnamə və dövriyyə kapitalının artırılmasıdır. İnformasiya memorandumuna əsasən, emissiya xərcləri çıxıldıqdan sonra cəlb olunacaq xalis vəsaitin 92,35 min manat təşkil edəcəyi gözlənilir. Vəsait şirkətin cari fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiləcək.
“Legion Financial” ASC Azərbaycanda maliyyə xidmətləri sektorunda fəaliyyət göstərir. Şirkətin əsas biznes istiqamətləri avtomobillərin maliyyə lizinqi, lombard kreditləşməsi və faktorinq əməliyyatlarıdır. 30 iyun 2026-cı il tarixinə şirkətin maliyyə lizinqi üzrə alacaqları 12,09 milyon manat, lombard kreditləri üzrə 618,5 min manat, faktorinq üzrə isə 3,89 milyon manat təşkil edib. Şirkətin ABŞ-da daşınmaz əmlakın idarə edilməsi sahəsində fəaliyyət göstərən “Finoko-USA” adlı törəmə müəssisəsi də var.
“Legion Financial” ASC-nin hazırkı nizamnamə kapitalı 4,13 milyon manatdır və hər birinin nominal dəyəri 100 manat olan 41 300 səhmdən ibarətdir. Şirkətin ən böyük səhmdarları Turan İsmayılov (37,53%) və Ramin Süleymanlıdır (32,69%). Digər səhmdarlar Böyükağa Məmmədov (13,32%), Rövşən Soltanov (10,17%), Konstantin Kolas (4,60%) və Sabirə Cahangirovadır (1,69%). Emissiya tam yerləşdirilərsə, nizamnamə kapitalı 4,23 milyon manata, səhmlərin sayı isə 42 250 ədədə yüksələcək.
“Legion Financial” ASC 2026-cı ilin ilk yarısını 470,1 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,9% azdır. Şirkətin faiz gəlirləri 28,7% artaraq 2,26 milyon manata çatıb. Aktivləri 30 iyun 2026-cı il tarixinə illik müqayisədə 17,9% artaraq 22,47 milyon manat, öhdəlikləri 15,9% artaraq 17,02 milyon manat, ümumi kapitalı isə 24,3% artaraq 5,45 milyon manat təşkil edib.