“Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin növbəti sammitində iştirakı, keçirdiyi görüşlər və Böyük Britaniya ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və siyasi çəkisinin bir daha təsdiqidir”.
Bunu açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə deyib.
Onun fikrincə, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız onların iqtisadi və hərbi potensialı ilə deyil, həm də regional və qlobal proseslərə təsir imkanları, siyasi təşəbbüsləri və beynəlxalq tərəfdaşları ilə qurduğu münasibətlərin keyfiyyəti ilə ölçülür.
“Bu baxımdan Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən sammitində iştirakı Azərbaycanın xarici siyasətinin əldə etdiyi nəticələr, ölkəmizin beynəlxalq mövqeyi və Avropa ilə münasibətlərinin gələcək perspektivləri baxımından mühüm siyasi hadisədir”,- partiya sədri vurğulayıb.
A.Əlizadə bildirib ki, noyabrın 12-də Dublində Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlər, aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan artıq beynəlxalq prosesləri kənardan izləyən deyil, onların müzakirəsində, formalaşmasında iştirak edən ciddi siyasi aktor olduğunu bir daha sübut etdi:
“Bu iştirakın əhəmiyyətini yalnız diplomatik təmasların sayı ilə qiymətləndirmək düzgün olmazdı. Əsas məsələ Azərbaycanın hansı siyasi statusda təmsil olunması, hansı məsələlərin müzakirəsində iştirak etməsi və beynəlxalq tərəfdaşlarının Bakı ilə münasibətlərə hansı səviyyədə önəm verməsidir. Bu mənada Dublində baş tutan təmaslar Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir”.
O həmçinin qeyd edib ki, sammit çərçivəsində əldə olunan ən mühüm nəticələrdən biri Prezident İlham Əliyev ilə Böyük Britaniyanın Baş naziri Endi Börnhəm arasında keçirilən görüş və iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması oldu:
“Bu sənəd, şübhəsiz ki, Azərbaycan-Böyük Britaniya münasibətlərinin tarixində yeni səhifə açır. Otuz ildən artıqdır ki, iki ölkə arasında formalaşmış əməkdaşlıq, xüsusilə enerji sahəsindəki strateji tərəfdaşlıq, artıq daha geniş siyasi, iqtisadi və təhlükəsizlik gündəliyi ilə zənginləşir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Böyük Britaniya Azərbaycanın Avropadakı ən böyük investorudur. Bu fakt münasibətlərin yalnız siyasi bəyanatlar üzərində deyil, konkret iqtisadi maraqlar və qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulduğunu göstərir”.
Partiya sədri bildirib ki, Bəyannamənin əhəmiyyəti onun əhatə etdiyi istiqamətlərin genişliyindədir. Sənəd müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya olmaqla üç əsas istiqaməti əhatə edir:
“Sənəddə ölkə müdafiə sənayesi sahəsində əməkdaşlıq, təhlükəsizlik çağırışlarına qarşı birgə fəaliyyət, bərpaolunan enerji, infrastruktur, maliyyə bazarları, Orta Dəhlizin inkişafı, süni intellekt və rəqəmsal texnologiyalar kimi mühüm məsələlər öz əksini tapıb. Tərəflər, eyni zamanda, strateji tərəfdaşlıq üzrə illik görüşlərin keçirilməsi barədə razılığa gəliblər.
Burada xüsusi diqqət çəkən məqam Azərbaycanın Avropa dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinin genişlənməsidir. Bu, rəsmi Bakının Avropa siyasi və iqtisadi məkanında etibarlı tərəfdaş kimi qəbul edilməsinin mühüm göstəricisidir.
Əslində, bu sənədin siyasi əhəmiyyəti ikitərəfli münasibətlərin çərçivəsini aşır. Böyük Britaniya kimi qlobal siyasi və iqtisadi çəkisi olan dövlətlə strateji tərəfdaşlığın rəsmiləşdirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, ölkəmizin Avropa təhlükəsizlik arxitekturasında rolunun artmasına və yeni iqtisadi imkanların yaranmasına xidmət edir”.