Möhtərəm cənab Prezident,

Azərbaycan radiosunun 100 illik yubileyi və radio və televiziya işçilərinin peşə bayramı münasibətilə media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncamınız ölkəmizdə fəaliyyət göstərən bütün media ictimaiyyəti tərəfindən çox böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu davamlı diqqət və qayğı Sizin azad, peşəkar və milli maraqlara xidmət edən Azərbaycan mətbuatına verdiyiniz yüksək dəyərin növbəti bariz nümunəsidir.

Sərəncamınızla təltif olunan media nümayəndələri sırasında rəhbərlik etdiyim “Xəzər” televiziyasının üç əməkdaşının “Tərəqqi" medalına layiq görülməsi bizim üçün sonsuz iftixar və qürur mənbəyidir. Əməkdaşlarımızın timsalında bütövlükdə kollektivimizin əməyinə verdiyiniz bu mükafat hər birimizi daha da məsuliyyətlə çalışmağa, dövlətimizin informasiya siyasətinə daha əzmlə töhfə verməyə sövq edir.

Media sektoruna göstərdiyiniz davamlı dəstəyi, xüsusi diqqəti, tolerantlığı və dostluq münasibətini yüksək qiymətləndiririk. Müstəqil dövlətçiliyimizin qorunması, haqq səsimizin dünyaya çatdırılması yolunda Sizin ən yaxın silahdaşınız və etibarlı köməkçiniz olmaq hər birimiz üçün böyük şərəfdir.

Bizə göstərdiyiniz etimada, media nümayəndələrinə göstərdiyiniz daimi diqqət və qayğıya görə “Xəzər" televiziyasının kollektivi adından və şəxsən öz adımdan Sizə darin minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, Vətənimizin tərəqqisi və xalqımızın rifahı naminə ali fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Darin hörmət va ehtiramla,

Murad Dadaşov,

“Xəzər” televiziyasının baş direktoru,

Azərbaycan Respublikası, Bakı şəhəri.