2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57 milyard 523 milyon 400 min manat təşkil edib. Satışlarda ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8% artım müşahidə olunur.

Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən, qeyri-ərzaq mallarının satışı 6,6% artaraq 26 milyard 464,8 milyon manata çatıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satışı isə 1,5% artımla 31 milyard 58,6 milyon manat təşkil edib.

Kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları qrupu üzrə satışlar 970 milyon manata çatıb. Əczaçılıq məhsulları və tibbi ləvazimatların satışı 1 milyard 560 milyon 400 min manat, elektrik malları və mebellərin satışı isə 8,7% artaraq 2 milyard 871,2 milyon manat olub.

Alıcıların pərakəndə ticarətdə xərclədiyi hər 100 manatın təxminən 50 manatı ərzaq məhsullarına, 14 manatı isə toxuculuq məhsulları, geyim və ayaqqabıya gedib. Ərzaq məhsullarının satış dəyəri isə 28 milyard 677 milyon 300 min manat təşkil edib.

Belə ki, ilk on ayda adambaşına düşən orta aylıq alış məbləği 559,9 manat olub. Bunun 302 manatı 30 qəpiyi, yəni 54%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 257 manat 60 qəpiyi isə qeyri-ərzaq mallarına xərclənib.