Fərhad Bədəlbəyli: “Mədəniyyət deyəndə Maliyyə Nazirliyinin nümayəndələrinin ağlına toyda oxuyan müğənni gəlir”

“Mədəniyyət Nazirliyi maliyyə problemi varsa, nə etməlidir?! Burada Maliyyə Nazirliyinin nümayəndələri olmalı idi. Onlar çox nadir hallarda teatr və konsertə gedirlər. Onlar “mədəniyyət” sözünü eşidəndə ağıllarına ancaq hansısa şou-biznes nümayəndəsi və ya toyda oxuyan müğənni gəlir”.

Bunu Xalq artisti Fərhad Bədəlbəyli Milli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirə zamanı deyib.

O, balet aktyorlarına erkən təqaüd verilməməsi məsləsinə də toxunub:

"55 yaşında adam balet oynaya bilər?! Onlara daha tez pensiya verməlidirlər. Hansısa məsələ bir yerdə müzakirə edilməlidir. Mən istərdim ki, ziyalılar bundan uzaq olmasınlar. Mədəniyyət adamlarından məsləhət alsınlar və ziyalıların sözünə diqqət etsinlər", - deyə o qeyd edib.

Günay Şahmar, Bizim.Media