Həştərxanda 11 saylı orta məktəbə Heydər Əliyevin adının verilməsinin 15 illiyi qeyd olunub

Rusiyanın Həştərxan vilayətində 11 saylı tam orta ümumtəhsil məktəbinin əsaslı yenidən qurulmasının və təhsil müəssisəsinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının verilməsinin 15 illiyinə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində elm və təhsil nazirinin müavini İdris İsayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Rizvan Nəbiyev və Zaur Şükürov, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev iştirak ediblər.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri, ölkənin yenidən qurulması və hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi tarixi missiya, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin formalaşması və inkişafındakı rolu barədə ətraflı danışılıb.

Azərbaycan nümayəndə heyəti, Həştərxan Hökumətinin sədri Denis Afanasyevin rəhbərliyi ilə vilayətin rəsmi şəxsləri və Azərbaycan diasporunun nümayəndələri noyabrın 11-də Həştərxan şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan xiyabanı ziyarət ediblər. Onlar Ulu Öndərin xiyabanda ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nümayəndə heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş "Qardaşlıq məzarlığı"nı ziyarət edib, əbədi məşəl abidəsi önünə gül dəstələri qoyub.

Həmin gün Azərbaycan nümayəndə heyətinin Həştərxan hökumətinin sədri Denis Afanasyevlə rəsmi görüşü də keçirilib. Görüşdə Azərbaycanla Həştərxan vilayəti arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və humanitar sahədə birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər Ümummilli Lider Heydər Əliyevin iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsindəki tarixi xidmətlərini vurğulayaraq,bu irsin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər.

Azərbaycan nümayəndə heyəti noyabrın 12-də Heydər Əliyev adına 11 saylı tam orta ümumtəhsil məktəbini ziyarət edib. Əvvəlcə məktəbin foyesində Ulu Öndərin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra məktəbin əsaslı yenidən qurulmasının və Heydər Əliyevin adının verilməsinin 15 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Məktəbin direktoru T.Tixomirova qonaqları salamlayaraq təhsil müəssisəsinin 15 ildir Ümummilli Lider Heydər Əliyevin adını daşıdığını bildirib, məktəbin inkişaf yolu və fəaliyyəti barədə məlumat verib. O, nümayəndə heyətini Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlə, məktəbdə yaradılmış Azərbaycan guşəsi və şagirdlərin hazırladığı rəsm sərgisi ilə tanış edib.

Tədbirdə çıxış edən Həştərxan hökuməti sədrinin müavini İlya Volınski, Həştərxan şəhərinin meri İqor Redkin və Həştərxan vilayəti elm və təhsil nazirinin birinci müavini Alina Sultanova Azərbaycan-Rusiya əlaqələrinin inkişafından, Heydər Əliyev adına 11 saylı məktəbin iki ölkə arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsindəki rolundan danışıblar.

Çıxışlarda məktəbdə Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb, təhsil müəssisəsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Azərbaycan elm və təhsil nazirinin müavini İdris İsayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Rizvan Nəbiyev və Zaur Şükürov da çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı xidmətlərindən, onun müəyyən etdiyi inkişaf strategiyasının müasir Azərbaycanın tərəqqisindəki əhəmiyyətindən, Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı rolundan, eləcə də Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində həyata keçirilən layihələrdən bəhs olunub.

Nümayəndə heyətinin üzvləri məktəbin 15 illik yubileyinin əlamətdar hadisə olduğunu qeyd edərək, burada Heydər Əliyev irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Yubiley tədbiri çərçivəsində tədris ili ərzində Heydər Əliyev irsinin öyrənilməsi və təbliğində xidmətləri, eləcə də fəallıqları ilə fərqlənən müəllimlər fəxri fərman və mükafatlarla təltif olunub. Təhsil nailiyyətləri ilə seçilən şagirdlərə isə hədiyyələr təqdim edilib. Sonda məktəblilərin ifasında yubileyə həsr olunmuş bədii proqram nümayiş etdirilib.

Qeyd edək ki, 2011-ci ildə Rusiyanın Həştərxan şəhərində fəaliyyət göstərən 11 saylı tam orta ümumtəhsil məktəbində Azərbaycan tərəfindən əsaslı yenidənqurma işləri aparılıb. Layihə çərçivəsində məktəbdə idman zalı, laboratoriyalar, kitabxana və digər tədris otaqları yaradılıb, iki yeni korpus inşa edilib, təhsil müəssisəsi əsaslı təmir olunaraq zəruri avadanlıqlarla təchiz edilib.

Həmin il Rusiya hökumətinin qərarı ilə məktəbə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verilib və təhsil müəssisəsi "Heydər Əliyev adına 11 saylı tam orta məktəb" adlandırılıb.

Ötən 15 il ərzində məktəb Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, xatirəsinin yaşadılması və təbliği istiqamətində fəal fəaliyyət göstərib. Bu müddətdə burada müxtəlif mövzularda çoxsaylı tədbirlər təşkil olunub, Azərbaycanla Həştərxan vilayəti arasında əlaqələrin inkişafına və humanitar əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verilib. Həştərxanda Ulu Öndərin doğum və anım günləri ilə əlaqədar məktəbdə hər il silsilə tədbirlər keçirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinin qubernatoru İqor Yuryeviç Babuşkinlə də görüşü keçirilib. Görüşdə Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

İqor Babuşkin ölkələr arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını vurğulayaraq, bu əlaqələrin qurulmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini qeyd edib. O, Həştərxan vilayətində Ulu Öndərin xatirəsinin daim ehtiramla yad edildiyini, onun həyat və fəaliyyətinə həsr olunmuş çoxsaylı tədbirlərin keçirildiyini bildirib.

Elm və təhsil nazirinin müavini İdris İsayev və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev səmimi qəbula görə Həştərxan vilayətinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Onlar Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin böyük hörmət və ehtiramla anıldığını vurğulayıblar.

Görüşdə Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin daha da dərinləşdirilməsinə verdikləri töhfələr də qeyd olunub.

Milli Məclisin deputatları Rizvan Nəbiyev və Zaur Şükürov da Ulu Öndər Heydər Əliyevin xatirəsinin Həştərxan vilayətində daim ehtiramla yad edilməsinə görə vilayət rəhbərliyinə və Həştərxan sakinlərinə təşəkkürlərini bildiriblər.