“Azəri–Çıraq–Günəşli” Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir

SOCAR və bp əməkdaşlıq edərək “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokunda neft ehtiyatlarından maksimum istifadə edilməsi və yatağın gələcək hasilat potensialının artırılması istiqamətində birgə fəaliyyət göstərərək yeni texnologiyaların tətbiqi ilə işləri davam etdirir.

Bu sözləri SOCAR-ın vitse-prezidenti Babək Hüseynov mətbuat nümayəndələri üçün “AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar” mövzusundakı keçirilən məlumatlandırma sessiyasında deyib.

O bildirib ki, AÇG Azərbaycanın enerji sektorunun əsas strateji aktivlərindən biridir və bu yataqlar blokunda hələ də milyardlarla barel hasil edilə biləcək neft ehtiyatı var: “AÇG artıq hasilatın pik mərhələsini geridə qoyub və hazırda təbii azalma dövrünü yaşayır. SOCAR olaraq qarşımızda duran əsas vəzifə bu yatağın potensialından maksimum istifadə etməkdir”.

B.Hüseynov qeyd edib ki, SOCAR və bp-nin birgə texniki qiymətləndirmələri nəticəsində yataqda neftin yekun çıxarılma əmsalının 40 faizdən yuxarı səviyyəyə çatdırılması ilə bağlı ortaq mövqe formalaşıb: “SOCAR bp ilə birlikdə yataqların yekun neftvermə əmsalının hansı səviyyədə olmasını müəyyənləşdirməyə çalışıb. Nəticədə bu göstəricinin 40 faizdən yüksək olacağı qənaətinə gəldik. Neft yataqları üçün belə bir göstərici dünya miqyasında olduqca yüksək hesab olunur”

O əlavə edib ki, yatağın gələcək inkişafı ilə bağlı layihələrin müəyyənləşdirilməsində ilkin mərhələdə iqtisadi deyil, texniki imkanlara üstünlük verilib: “Yanaşma belədir ki, əvvəlcə iqtisadi göstəriciləri deyil, texniki baxımdan nələrin mümkün olduğunu müəyyənləşdirək. SOCAR öz müstəqil texniki qiymətləndirməsini apardı və daha sonra bp ilə birlikdə bütün potensial layihələri nəzərdən keçirdi. Əsas məqsəd AÇG yataqlar blokunun uzunmüddətli hasilat potensialından maksimum yararlanmaq və mövcud ehtiyatların səmərəli işlənməsini təmin etməkdir. Bu istiqamətdə işləri davm etdiririk”.