Media və Yayım Şurası mediada yayılan fotolarla bağlı xəbərdarlıq ETDİ

Azərbaycan Respublikası Media və Yayım Şurası Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılması ilə bağlı xəbərlərdə istifadə olunan fotolara münasibət bildirib.

Şuranın açıqlamasında bir sıra media resurslarında sözügedən xəbərlərin materialın predmetinə aid olmayan fotoşəkillərlə təqdim edildiyi qeyd olunub.

Bildirilib ki, bu cür yanaşma manipulyativ vizual təqdimat nümunəsidir və auditoriyada xəbərin məzmunu, hadisənin coğrafi məkanı, eləcə də tərəflər arasında aparılan əməkdaşlığın mahiyyəti barədə yanlış təsəvvür formalaşdıra bilər.

Qeyd olunub ki, eyni görüntülərin digər media resurslarında və sosial şəbəkələrdə təkrar paylaşılması yanlış təsəvvürlərin daha geniş auditoriyaya yayılmasına və mövzu ətrafında əsassız müzakirələrin yaranmasına səbəb olur.

Şura media subyektlərini xəbərlərin vizual tərtibatında istifadə olunan materialların mənbəyini və çəkildiyi yeri dərc etməzdən əvvəl yoxlamağa, fotoların xəbərin məzmununa uyğunluğunu təmin etməyə və auditoriyanı yanıltmağa səbəb ola biləcək təqdimatlardan çəkinməyə çağırıb.