“Cənub Qaz Dəhlizi”nin törəmə şirkətinin kapitalı 100 dəfə artırılıb – 502 mln. manat

“Cənub Qaz Dəhlizi” QSC-nin törəmə şirkəti “SGC Midstream” MMC nizamnamə kapitalını 100 dəfə artıraraq 501.7 milyon manata çatdırıb.

Şirkətin kapitalı əvvəlki 5.02 milyon manatdan 501.7 milyon manata yüksəlib. Beləliklə, kapitala əlavə 496.68 milyon manat yönəldilib. Dəyişiklik 2026-cı il sentyabrın 8-də qeydə alınıb.

“SGC Midstream”in nizamnamə kapitalı 2025-ci ilin martında 1 000 manat təşkil edirdi. Şirkət 2014-cü ilin aprelində təsis edilib və “Cənub Qaz Dəhlizi” QSC-nin 100 faizlik törəmə müəssisəsidir.

Şirkətin direktoru Kamran Niftəliyevdir. O, 2025-ci ilin martında bu vəzifəyə təyin olunaraq Əli Kərimlini əvəz edib. Kamran Niftəliyev eyni zamanda “SGC Upstream” MMC-nin direktorudur.

“SGC Midstream” Cənubi Qafqaz Boru Kəməri layihəsində iştirak edir. Şirkət 2023-cü ildə SOCAR-ın layihədəki 14.35 faizlik iştirak payını qəbul edib. Cənubi Qafqaz Boru Kəməri “Şahdəniz” yatağından hasil olunan təbii qazın Azərbaycan və Gürcüstan ərazisindən Türkiyəyə nəqlini təmin edən əsas infrastrukturlardan biridir.