“Müəllimlərin maaşı 5000 manat da olsa, repetitorluqdan əl çəkməyəcək” – Təhsil eksperti

“Bəzi müəllimlərin maaşı 5000 manat da olsa, repetitorluqdan əl çəkməyəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib.

Ekspert elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin müəllimlərin orta aylıq əməkhaqqının 1030 manat olması ilə bağlı açıqlamasına münasibət bildirərək bu məbləği müəyyən edən amilləri sadalayıb:

“Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə müəllimlərin orta aylıq əməkhaqqının 1030 manat olduğunu bildirib. Orta aylıq əməkhaqqı məsələsində əlavə şərhə ehtiyac yoxdur. Burada söhbətin mahiyyəti bəllidir. Söhbət ümumi maaşdan deyil, bütün maaş alanların aldığı məbləğin onların sayına olan nisbətindən gedir. Bu nisbət bəzilərində az, bəzilərində çox, bəzilərində isə orta dəyərləndirmədə olur ki, bu da 1030 manat olaraq hesablanıb. Biz bilirik ki, müəllimin maaşı onun dərs saatı ilə müəyyənləşir. Digər qiymətləndirmə meyarı isə müəllimin sertifikasiya imtahanındakı nəticəsidir. Bəzi müəllimlər iddia edirlər ki, onların dərs saatı sertifikasiya nəticəsinə görə müəyyənləşir. Burada həqiqət payı da var, amma məsələ ondan ibarətdir ki, müəllim neçə saat dərs deyirsə, maaşı da ona uyğun hesablanır. Əlavə qiymətləndirmə meyarı isə yoxdur. Problem ondadır ki, niyə müəllimin maaşı yalnız onun dərs saatı və sertifikasiya qiymətinə görə müəyyənləşməlidir? Deyək ki, biz müəllimik, dərs deyirik və dərsimiz 12 saatdır. Niyə biz təkcə o 12 saata görə maaş almalıyıq? Axı müəllimin funksiyası təkcə dərs saatı ilə məhdudlaşmamalıdır. Əlavə məşğuliyyət olmalı, dərsdən sonra şagirdlərlə fərdi iş, hər hansı layihələr üzərində iş, xarici həmkarlarla əməkdaşlıq və s. olmalıdır. Maaş bu detallara görə müəyyənləşməlidir. Nə qədər ki, biz müəllimin maaşını dərs saatına görə verəcəyik, hər zaman narazılıq olacaq”.

“Niyə müəllimlər repetitorluq edir?” sualına isə E. Nuri belə cavab verib:

“Repetitorluq məsələsi ilə bağlı fikirlərim müsbət deyil. Elə müəllimlər var ki, onlar həqiqətən də imkansızlıqdan repetitorluq edirlər, amma sual edək ki, müəllimin maaşı 3000 manat olsaydı, o müəllim repetitorluq edərdimi? 3000 manat maaş alan müəllim də evdə oturub düşünər ki, repetitorluq edib əlavə gəlir qazanım. Təəssüf ki, bu say az deyil, çoxdur. Repetitorluq çox ağırdır və məsuliyyəti böyükdür. Bəzi müəllimlər də var ki, maaşı 2000 manat olsa, elə bu gün repetitorluqdan əl çəkər, elə müəllimlər də var ki, maaşı 5000 manat da olsa, repetitorluqdan əl çəkməz”.