Sahibkarların maliyyəyə çıxış alətlərinin, zəmanət və subsidiya mexanizmlərinin tətbiq dairəsi genişləndirilib, ixracatçıların daşınma və gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi kompensasiya olunur. İnvestisiya təşviqi mexanizmi bir sıra strateji sahələrə, o cümlədən aqroparklara və müasir istixanalara da şamil edilir.
Bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin iclasında deyib.
O bildirib ki, sahibkarların maliyyəyə çıxış alətlərinin, zəmanət və subsidiya mexanizmlərinin tətbiq dairəsi genişləndirilib, ixracatçıların daşınma və gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi kompensasiya olunur:
“İnvestisiya təşviqi mexanizmi bir sıra strateji sahələrə, o cümlədən aqroparklara və müasir istixanalara da şamil edilir.
Sahibkarlığa dövlət dəstəyi işğaldan azad edilmiş ərazilərimizdə xüsusi əhəmiyyət daşıyır, çünki Böyük Qayıdışın dayanıqlılığı orada yaradılan iş yerlərindən və istehsaldan asılıdır. Bu ərazilərdə özəl sektorun inkişafı üçün geniş güzəştlər və azadolmalar tətbiq olunur.
Azərbaycan Biznesinin İnkişafı Fondunun bu ərazilər üçün təqdim etdiyi kredit məhsulu kənd təsərrüfatı və akvakultura ilə yanaşı, təhsil, sosial xidmətlər və İKT layihələrini də əhatə edir və özəl sektorun bərpa işlərinə töhfə verməsinə şərait yaradır. Bundan əlavə, həmin ərazilərdə idxalda vergi və gömrük güzəştlərinin tətbiq olunduğu fəaliyyət sahələrinin sırasına elmi tədqiqat və işləmələr də daxil edilib. Bu güzəşt həmin ərazilərdə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan subyektlər üçün avadanlıq və material xərclərini azaldır, elmlə istehsal arasında əlaqələrin gücləndirilməsinə əlavə imkan yaradır”, - deyə o bildirib.