Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Belə ki, noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində imzalanan Birgə Bəyannamə iki ölkə arasındakı çoxillik əməkdaşlığın yeni mərhələyə keçidini rəsmiləşdirməklə yanaşı, gələcək münasibətlərin konkret istiqamətlərini və prioritetlərini də müəyyənləşdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanan sənəd müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya olmaqla üç əsas istiqaməti əhatə edir. Bununla da Azərbaycan-Böyük Britaniya münasibətləri ənənəvi siyasi və iqtisadi əməkdaşlıq çərçivəsindən çıxaraq daha geniş institusional və strateji məzmun qazanır.
32 illik əməkdaşlığın məntiqi nəticəsi
Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin tarixi müstəqilliyimizin ilk illərinə təsadüf edir. 1994-cü il fevralın 23-də Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamənin, 1998-ci il iyulun 21-də isə Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli əlaqələrin hüquqi-siyasi əsaslarını formalaşdırıb.
Lakin münasibətlərin inkişafında əsas dönüş nöqtəsi 1994-cü ildə imzalanan və Azərbaycanın enerji strategiyasının təməlini qoyan “Əsrin müqaviləsi” olub. Məhz bu sazişdən sonra Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti genişlənib, iki ölkə arasında iqtisadi əlaqələr strateji əhəmiyyət daşıyan istiqamətə çevrilib.
Yeni Birgə Bəyannamədə tərəflərin BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiqləməsi də diqqətçəkən məqamlardandır.
Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Zirvəsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması Böyük Britaniyanın Cənubi Qafqazda davamlı sülhə dəstəyini nümayiş etdirir.
Bu məqam həm də onu göstərir ki, Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni regional reallıqlar London tərəfindən qəbul olunur.
Britaniya Azərbaycanın ən böyük xarici investorudur
Azərbaycan-Böyük Britaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin arxasında dayanan əsas amillərdən biri iqtisadi əlaqələrin miqyasıdır. Belə ki, Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 39 milyard ABŞ dollarından çoxdur. Bu göstərici ilə Birləşmiş Krallıq ölkəmizin ən böyük xarici investorudur.
Son illərdə iki ölkə arasında ticarət əlaqələrində də ciddi artım müşahidə olunur. 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 67 faiz artıb. 2026-cı ilin ilk yarısında isə bu göstərici 3,6 milyard dollara çatıb. Həmin dövrdə Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard 720,7 milyon dollar təşkil edib. Bunun 3 milyard 482,9 milyon dolları Azərbaycanın Böyük Britaniyaya ixracının, 237,8 milyon dolları isə idxalın payına düşüb. Beləliklə, Britaniya ilə ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin təxminən 10 faizini əhatə edib.
Bu rəqəmlər iqtisadi əməkdaşlığın miqyasını göstərməklə yanaşı, Britaniya bazarının Azərbaycan üçün əhəmiyyətini də ortaya qoyur.
Yəni Strateji Tərəfdaşlıq Bəyannaməsində iqtisadi əlaqələrin genişləndirilməsi üçün bərpa olunan enerji, infrastruktur, xidmətlər, maliyyə və kapital bazarları, kiçik və orta biznes kimi istiqamətlərin xüsusi qeyd edilməsi təsadüfi deyil. Bundan əlavə, tərəflər həmçinin investisiya və iqtisadi şaxələndirmə üzrə birgə təşəbbüslərin irəlilədilməsi üçün Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın imkanlarından daha fəal istifadə etməyi nəzərdə tuturlar.
Əməkdaşlığın yeni iqtisadi coğrafiyası
Azərbaycan-Britaniya münasibətlərinin əsas sütunlarından biri enerji sektorudur. Böyük Britaniyanın bp şirkəti uzun illərdir Azərbaycanın aparıcı enerji layihələrində operator və əsas tərəfdaşlardan biri kimi iştirak edir.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi, “Şahdəniz” qaz-kondensat yatağı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Cənubi Qafqaz Boru Kəməri və Səngəçal terminalı bu əməkdaşlığın konkret nəticələridir.
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə başlanan proses sonrakı illərdə Azərbaycanın dünya enerji bazarlarına inteqrasiyasını sürətləndirib. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması ölkəmizin enerji təhlükəsizliyindəki rolunu daha da artırıb.
Hazırda əməkdaşlıq ənənəvi enerji resursları ilə məhdudlaşmır. “Azəri-Çıraq-Günəşli” yatağında səmt qazının hasilatına başlanması, “Şahdəniz” yatağında qazın kompressiyası layihəsi, “Şəfəq-Asiman”, “Qarabağ” və “Əşrəfi-Dan Ulduzu-Aypara” layihələri tərəfdaşlığın yeni mərhələsini təşkil edir.
Bununla yanaşı, 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının 2027-ci ildə fəaliyyətə başlaması gözlənilir. Səngəçal terminalının təmiz enerji hesabına dekarbonizasiyası da əməkdaşlığın yeni istiqamətlərindəndir.
Birgə Bəyannamədə Xəzər regionunu və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən enerji və nəqliyyat bağlantılarının inkişafına xüsusi yer ayrılması Azərbaycanın regional tranzit və enerji mərkəzi kimi mövqeyinin əhəmiyyətini artırır. Xüsusilə Orta Dəhlizin inkişafına dəstək, nəqliyyat-logistika layihələrinin genişləndirilməsi və yaşıl enerji keçidi üzrə əməkdaşlıq gələcək iqtisadi münasibətlərin mühüm istiqamətləri kimi müəyyənləşdirilib.
Müdafiə və təhlükəsizlik – yeni əməkdaşlıq istiqamətləri
Bəyannamənin diqqətçəkən tərəflərindən biri də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın ayrıca strateji istiqamət kimi müəyyənləşdirilməsidir.
Sənədə əsasən, tərəflər müdafiə sahəsində təlimlərin keçirilməsi, hərbi potensialın artırılması, qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsi və müdafiə sənayesi üzrə birgə təşəbbüslərin perspektivlərini araşdırmaq barədə razılığa gəliblər.
Bundan başqa, hüquq-mühafizə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi sahələrdə təcrübə mübadiləsi də nəzərdə tutulur.
Xatırladaq ki, Böyük Britaniya 2025-ci ilin oktyabrında Azərbaycana qarşı silah embarqosunu tamamilə ləğv etmişdi. Londonun qərarına əsasən, 13 oktyabr 2025-ci ildən etibarən ATƏT-in müvafiq embarqosu artıq tətbiq edilmir.
Yeni Bəyannamə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün siyasi və institusional çərçivə yaradır.
Təhsil, süni intellekt və innovasiya
Azərbaycan-Britaniya əməkdaşlığının üçüncü əsas istiqaməti təhsil, elm və innovasiyadır. Sənəddə ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqların inkişafı, dövlət sektorunda təlim proqramları üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, süni intellekt, rəqəmsal idarəetmə, həyat elmləri və yeni texnologiyalar sahəsində universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlıqların təşviqi planlaşdırılır.
Bu istiqamət Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya və insan kapitalının inkişafı strategiyası ilə uzlaşır. Britaniyanın elmi-təhsil potensialı və texnoloji təcrübəsi ilə Azərbaycanın inkişaf prioritetlərinin uzlaşdırılması uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar aça bilər.
İllik strateji görüşlər – Bəyannamə kağız üzərində qalmayacaq
Birgə Bəyannamənin yekun müddəalarında illik Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə razılaşmanın yer alması sənədin praktiki icrası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər çərçivəsində üç əsas istiqamət üzrə əldə olunan nəticələr nəzərdən keçiriləcək, gələcək prioritetlər müəyyənləşdiriləcək və əməkdaşlığın gedişinə nəzarət mexanizmləri razılaşdırılacaq.
Nəticə etibarilə, Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması 30 ildən artıq müddətdə formalaşmış siyasi, iqtisadi və enerji əlaqələrinin yeni institusional mərhələyə keçididir.
Ən vacib məqam isə münasibətlərin artıq yalnız enerji sektoruna söykənməməsidir. Müdafiə və təhlükəsizlikdən tutmuş yaşıl enerjiyə, nəqliyyat bağlantılarından süni intellektə və təhsilə qədər geniş sahələri əhatə edən yeni çərçivə Azərbaycan-Böyük Britaniya əlaqələrinin uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirəcək.
Bizim.Media-nın analitik qrupu