Pensiyalar inflyasiyadan daha sürətlə artıb – Müqayisə

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta əməkhaqqı 7,8 faiz artıb. Proqnozlaşdırılır ki, ilin sonunda orta əməkhaqqında artım təxminən 8 faiz olacaq. Bu o deməkdir ki, növbəti ildən pensiyalar da bu qədər artırılacaq.

Azərbaycanda pensiyların orta əməkhaqqındakı artım əsasında indeksləşdirilməsi mexanizmindən artıq bir neçə ildir ki, istifadə edilir. Əvvəllər pensiyalar inflyasiya amili nəzərə alınaraq indeksləşdirilirdi.

2017-ci ildə qanunvericiliyə edilən dəyişiklikdən sonra 2018-ci ildən pensiyalar orta əməkhaqqındakı artım əsasında artırılır.

2018-ci ildə pensiyaların sığorta hissəsi 5,7 faiz artırılıb. Sonrakı illərdə indeksasiya göstəriciləri dəyişib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən, 2019-cu ildə pensiyalar 3 faiz, 2020-ci ildə 16,6 faiz, 2021-ci ildə 11,4 faiz, 2022-ci ildə 3,4 faiz, 2023-cü ildə 14,7 faiz, 2024-cü ildə 11,2 faiz, 2025-ci ildə 8,1 faiz, 2026-cı ildə isə 9,3 faiz indeksləşdirilib.

Pensiya artımlarını həmin illərin inflyasiya göstəriciləri ilə müqayisə etdikdə maraqlı mənzərə ortaya çıxır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2018-ci ildə inflyasiya 2,3 faiz, 2019-cu ildə 2,6 faiz, 2020-ci ildə 2,8 faiz, 2021-ci ildə 6,7 faiz, 2022-ci ildə 13,9 faiz, 2023-cü ildə 8,8 faiz, 2024-cü ildə 2,2 faiz, 2025-ci ildə isə 5,6 faiz təşkil edib.

2018–2025-ci illərdə pensiya indeksasiyası yeddi il ərzində deyil, səkkiz illik dövrün yalnız birində – 2022-ci ildə inflyasiyadan geri qalıb. Həmin il qiymətlər 13,9 faiz bahalaşdığı halda, pensiyalar cəmi 3,4 faiz artırılıb. Nəticədə inflyasiya pensiya indeksasiyasını 10,5 faiz bəndi üstələyib. Digər illərdə isə pensiya artımı qiymət artımından yüksək olub.

2026-cı ildə də pensiyalar 9,3 faiz artırılıb. Cari ilin yanvar-sentyabr aylarında inflyasiya 5,6 faiz olduğundan, hazırkı göstəricilərə əsasən, pensiya artımı qiymət artımını 3,7 faiz bəndi üstələyir.

2018–2025-ci illər üzrə indeksasiya faizlərinin mürəkkəb artım prinsipi ilə hesablanması pensiyaların təxminən 101,6 faiz, qiymətlərin isə 54 faiz artdığını göstərir. Bu hesablamaya əsasən, pensiyaların indeksasiya artımı ümumi inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyib.

Lakin burada vacib bir məqam var ki, pensiyaların indeksasiyası bütün pensiyaçıların real xərclərinin eyni nisbətdə azaldığını və ya alıcılıq qabiliyyətinin mütləq yüksəldiyini göstərmir. Çünki ərzaq, dərman və kommunal xidmətlər üzrə qiymət artımları ümumi inflyasiya göstəricisindən fərqlənə bilir.

Bu mənzərəni ümumi olaraq qiymətləndirsək, demək olar ki, 2018-ci ildən tətbiq edilən əməkhaqqına bağlı indeksasiya mexanizmi indiyədək ümumi inflyasiyanı üstələyib. 2027-ci ildə gözlənilən təxminən 8 faizlik artım da inflyasiyadan yüksək olacaq. Çünki bu il 5,6-6 faiz səviyyəsində inflyasiya gözlənilir.