Bakı, 12 noyabr, AZƏRTAC İslam maliyyəsində faizsiz borc yalnız “qərzi-həsən” (gözəl borc) prinsipi əsasında verilə bilər. Bu zaman borc verən tərəf qarşılığında hər hansı əlavə gəlir, pul, hədiyyə və ya digər formada mənfəət əldə etməməlidir.Bu barədə AZƏRTAC-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyib.O bildirib ki, İslam bankçılığı, İslam maliyyə təşkilatları, mikromaliyyələşmə və qiymətli kağızlar bazarı kimi sahələrdə bu sistem dünyada artıq geniş tətbiq olunur. “Son məlumatlara görə, İslam maliyyəsi üzrə aktivlərin ümumi həcmi 6,5 trilyon dollara çatıb. Bu sistemdə şirkətlərə və müəssisələrə birbaşa borc verilmir, müxtəlif İslam maliyyə alətləri vasitəsilə vəsait təmin olunur. Bu zaman maliyyələşmə ticarət əməliyyatları, mal və xammal alqı-satqısı, eləcə də sifariş əsasında tikinti işlərinin həyata keçirilməsi yolu ilə aparılır. Məsələn, müştərinin sifarişi əsasında bank onun üçün bina tikir və həmin binanı razılaşdırılmış qiymətə satır. Bu əməliyyatlarda gəlir borc faizindən deyil, alqı-satqıdan formalaşır. Məsələn, mal 100 min manata alınaraq müştəriyə 110 min manata satılır. Burada əlavə 10 min manat bankın ticarət əməliyyatından əldə etdiyi gəlirdir. Çünki bank müştəriyə 100 min manat borc vermir, özü malı alır, onunla bağlı məsuliyyəti daşıyır və sonradan müştəriyə satır”, - deyə iqtisad üzrə fəlsəfə doktoru qeyd edib.O vurğulayıb ki, İslam maliyyəsində müxtəlif fəaliyyət istiqamətləri mövcuddur: “Banklar ticarət, tikinti, ipoteka və digər layihələrdə iştirak edə, həmçinin ortaq kimi fəaliyyət göstərə bilərlər. Məsələn, mənzil maliyyələşdirilməsi zamanı bank mənzilə müştəri ilə birlikdə ortaq olur, daha sonra müştəri ödəniş etməklə bankın payını mərhələli şəkildə əldə edir. Bu zaman bank gəlirini tərəfdaşlıq və müvafiq əməliyyatlardan qazanır. İslam maliyyə alətlərinin hamısı gəlir əldə etmək məqsədi daşıyır. Burada faizsizliyin mahiyyəti maliyyə əməliyyatlarının gəlirsiz olması deyil, borc verərək onun üzərindən əlavə gəlir əldə edilməsinin qadağan olunmasıdır. Yalnız xeyriyyə və dəstək məqsədilə verilən müəyyən borclar bu prinsipdən fərqlənir və “qərz-həsən” hesab olunur.İslam maliyyəsi ilə bağlı yanlış təsəvvürlərdən biri də məhsulun ilkin qiymətinin üzərinə əlavə məbləğ qoyulmasının faiz kimi qəbul edilməsidir. Halbuki belə hallarda bank borc vermir, malı özü alaraq müştəriyə satır və bu əməliyyatın məsuliyyətini daşıyır. Buna görə də əldə edilən gəlir borc faizindən deyil, ticarət əməliyyatından formalaşır”.