Bakı, 12 noyabr, AZƏRTAC Xarici universitetlər öz məzunlarının hansı müəssisələrdə çalışdığını, hansı vəzifələrdə təmsil olunduğunu və peşəkar nailiyyətlərini ictimaiyyətə təqdim edirlər. Azərbaycanda da bu istiqamətdə sistemli işin qurulmasına ehtiyac var. Universitetlər məzunlarının fəaliyyətini izləməli, onların əmək bazarındakı uğurlarını nümayiş etdirməlidirlər. AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində görkəmli fizik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi professor Əmirulla Məmmədov söyləyib. Onun sözlərinə görə, 80 illik yubileyinə həsr olunmuş konfransda nanotexnologiyalar, funksional materiallar və uzun illər fəaliyyət göstərdiyi müdafiə sənayesi sahəsində aparılan tədqiqatlar müzakirə olunacaq. Bu istiqamətdə elmi bilik və təcrübə mübadiləsinin Azərbaycanda müdafiə sənayesinin inkişafına da töhfə verəcəyinə ümid etdiyini bildirən alim yerli mütəxəssislərin və universitet məzunlarının bu prosesdə rolunu xüsusi qeyd edib. Əmirulla Məmmədov Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi inkişaf təcrübəsinə də diqqət çəkib. O bildirib ki, Türkiyədə 30-35 il əvvəl bu sahə zəif inkişaf etmiş vəziyyətdə olsa da, son 20-25 ildə ciddi irəliləyiş əldə olunub. Alim Azərbaycanın da istedadlı mühəndisləri, texniki mütəxəssisləri və ali təhsil müəssisələrinin məzunlarının potensialından istifadə etməklə bu istiqamətdə böyük nailiyyətlər qazana biləcəyini vurğulayıb. Professor müasir ali təhsil sistemində gənclərin ixtisas seçiminə də toxunaraq onların texniki və təbiət elmlərindən daha çox humanitar sahələrə üstünlük verməsini müəyyən çatışmazlıq kimi qiymətləndirib. Onun fikrincə, bu tendensiyanın dəyişməsi üçün universitetlər məzunlarının əmək bazarındakı mövqeyini, peşəkar inkişafını və uğurlarını daha geniş şəkildə təbliğ etməlidirlər. Alim hesab edir ki, gənclər texniki və təbiət elmləri üzrə təhsil alan məzunların nüfuzlu şirkətlərdə, elmi müəssisələrdə və beynəlxalq təşkilatlarda uğurla çalışdıqlarını gördükdə həmin ixtisaslara maraqları daha da artacaq. O, xüsusilə mühəndislik, riyaziyyat, fizika və kimya sahələrində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulayaraq bildirib ki, bu sahələrdə çalışan peşəkarların əməkhaqqı və sosial təminatı da gənclərin ixtisas seçimində mühüm rol oynayır. Professorun fikrincə, universitetlərin məzunlarla əlaqələrinin gücləndirilməsi, onların uğurlarının təbliği və texniki ixtisasların cəmiyyətdə nüfuzunun artırılması gələcəkdə ölkənin elmi-texnoloji potensialının inkişafına mühüm töhfə verə bilər. Müxbir-Tünzalə Arazlı Fotoqraf-Orxan Kərimov