Trampla Netanyahu arasında qalmaqal baş verib

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında İranla bağlı telefon danışığı zamanı gərgin mübahisə yaşanıb. Tərəflər Tehrana qarşı bundan sonra atılacaq addımları müzakirə edərkən fikir ayrılığı kəskinləşib.

Bu barədə İsrailin “Ynet” nəşri məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, telefon danışığı noyabrın 7-8-də, yəni ötən həftəsonu ABŞ və İsrail arasında İrana qarşı hərbi əməliyyatların bərpası məsələsində fikir ayrılıqlarının olduğu bir vaxtda baş tutub.

“Ynet”in həmsöhbətləri Tramp və Netanyahunun söhbətini “çətin və gərgin” kimi xarakterizə ediblər. Mənbələrdən biri isə bunu “yüksək səslə baş verən cəhənnəm mübahisəsi” adlandırıb.

Netanyahunun ofisi yayılan məlumatı təkzib edib. Oradan bildirilib ki, bu xəbərlər “saxta məlumatdır, tamamilə cəfəngiyyatdır”.

İsrailin yüksəkvəzifəli rəsmilərindən biri telefon danışığının baş tutduğunu təsdiqləsə də, söhbətin “heç də çətin keçmədiyini” iddia edib.

“Financial Times” qəzetinin mənbəsinin məlumatına görə, Netanyahu Trampa hər gün zəng edərək müharibənin bərpasına çağırır. ABŞ Prezidenti isə vəziyyəti danışıqlar yolu ilə həll etməyə çalışır.

Tramp və Netanyahu arasında əvvəlki telefon danışıqları zamanı da fikir ayrılıqları yaşanıb.

Belə ki, 2026-cı ilin iyununun sonunda ABŞ Prezidenti Livandakı münaqişənin gərginləşməsinə görə İsrailin Baş nazirini kəskin tənqid edib.

Məlumata görə, həmin söhbət zamanı Tramp Netanyahunu “ağlını itirməkdə” ittiham edərək deyib.

Son həftələrdə ABŞ mediasında Vaşinqtonun İrana qarşı yeni hərbi zərbələr endirə biləcəyi barədə məlumatlar yayılıb.

“Axios”un yazdığına görə, Netanyahu Trampla söhbətində ABŞ-dan noyabrın 3-də keçirilən Konqresə aralıq seçkilərindən dərhal sonra İrana zərbələr endirməsini tələb edib.

“The New York Times” qəzetinin məlumatına görə isə İsrail ABŞ-a kəşfiyyat vasitəsilə əldə etdiyi və İranın rəqiblərinə qarşı kimyəvi silahdan istifadə edə biləcəyini göstərən məlumatları təqdim edib.

Ağ Ev rəsmilərinin bir qismi hesab edir ki, Netanyahu hökuməti bu yolla Tramp administrasiyasını İrana qarşı hərbi zərbələri bərpa etməyə inandırmağa çalışır.