Çində səhiyyə sahəsində süni intellekt texnologiyalarından istifadə sürətlə genişlənir. Ölkədə aparılan sorğunun nəticələrinə əsasən, həkimlərin 93 faizi artıq süni intellekt alətlərindən yararlanır.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, “Alibaba Health” şirkətinin yüzlərlə həkim arasında keçirdiyi sorğu süni intellektdən istifadənin son bir ildə əhəmiyyətli dərəcədə artdığını göstərib. Belə ki, ötən il bu göstərici təxminən 70 faiz olduğu halda, hazırda 93 faizə yüksəlib.
Bildirilir ki, Çində “Alibaba Health” və “JD Health” kimi iri texnologiya şirkətləri həkimlər üçün xüsusi süni intellekt tətbiqləri hazırlayır. Bu platformalar tibbi məlumatların axtarışı, elmi araşdırmaların öyrənilməsi və klinik məlumatlara çıxış imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
Eyni zamanda, ölkədə fəaliyyət göstərən əczaçılıq şirkətləri də süni intellekt texnologiyalarına maraq göstərirlər. Buna səbəb səhiyyə sektorunda korrupsiyaya qarşı mübarizə çərçivəsində dərman şirkətlərinin nümayəndələrinin xəstəxanalara səfərlərinə tətbiq edilən məhdudiyyətlərdir.
Şirkətlər ənənəvi tanıtım üsullarını rəqəmsal platformalarla əvəz etməyə və tibbi məhsullar haqqında elmi məlumatları həkimlərə süni intellekt vasitəsilə çatdırmağa çalışırlar.
Çində rəqəmsal səhiyyə marketinqinə ayrılan vəsaitin 2027–2030-cu illərdə hər il orta hesabla 27,5 faiz artacağı və 2030-cu ildə 274,4 milyard yuana (təxminən 41,1 milyard ABŞ dolları) çatacağı gözlənilir.
Qeyd edək ki, 93 faizlik göstərici Çindəki bütün həkimləri deyil, sorğuda iştirak edən yüzlərlə həkimi əhatə edir.