Gəncədən havaya qalxan Türkiyə təyyarəsinin qəzaya düşməsindən 1 il ötür

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğramasından bir il ötür.

Trend xəbər verir ki, 2025-ci il noyabrın 11-də Azərbaycanın Gəncə şəhərindən Türkiyəyə qayıdan təyyarə Gürcüstan ərazisində, Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 20 hərbi qulluqçunun hamısı həlak olub.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə 8 Noyabr – Zəfər Günü tədbirləri çərçivəsində Azərbaycanda uçuşlar həyata keçirən F-16 qırıcılarının 10 nəfərlik texniki xidmət heyətini və avadanlıqlarını Türkiyəyə aparırdı.

Kayseridən Gəncəyə gələn C-130E tipli təyyarə buradan Türkiyənin Merzifon şəhərindəki 5-ci Əsas Reaktiv Təyyarə Bazasına yola düşüb. Uçuş zamanı Tbilisi Hava Hərəkətini İdarəetmə Mərkəzi ilə son rabitədən sonra təyyarə ilə radio və radar əlaqəsi kəsilib.

Qəzadan sonra Türkiyə, Azərbaycan və Gürcüstanın aidiyyəti qurumlarının koordinasiyası ilə axtarış-xilasetmə tədbirləri həyata keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev faciə ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Həlak olan hərbçilərin nəşləri Türkiyəyə aparılıb, noyabrın 14-də Ankarada yerləşən Mürtəd hərbi aerodromunda onların xatirəsinə dövlət mərasimi keçirilib.