"2027-ci ilin dövlət büdcəsi layihəsini xalqımızın tarixi Zəfərinin altıncı ildönümü günlərində müzakirə edirik. Vətən müharibəsində Qələbə uzun illər torpaqlarımızın işğalını aradan qaldırmağa yönələn büdcə siyasətindən yeni milli hədəflərə, Azərbaycan iqtisadiyyatı qarşısında inkişaf perspektivlərinə yol açır. 2027-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələrin getdiyi günlərdə noyabrın 6-da Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva Cəbrayıl, Zəngilan və Ağdamda doğma torpaqlarına qayıdan sakinlərlə görüşür, ailələrə yeni evlərinin açarlarını təqdim edir, istehsal müəssisələrinin açılışında iştirak edirdilər".
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında parlamentin komitə sədri Zahid Oruc deyib.
O qeyd edib ki, qlobal təhlükələr şəraitində dövlət büdcəsinin mühüm hərbi və sosial xərclərin artırılması təqdirəlayiqdir: “Lakin büdcə müzakirələrinin aparıldığı son bir həftədə informasiya məkanımızda təəssüflər olsun ki, trendə çevrilən məsələlərdən biri ev təsərrüfatlarının aktivlərinin uçotu barədə xəbərlər oldu.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli qərarı ilə ev təsərrüfatlarının uçotu sənədləri dəyişdirilib və yeni qaydaların 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Eyni vaxtda Milli Məclisin komitələrində Vergi Məcəlləsinə dəyişikliklərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən mövcud 100 faizlik gəlir və mənfəət vergisindən azad olunmanın 2027-ci il yanvarın 1-dən 90 faizlik güzəştlə əvəzlənməsi də əvvəlki mövzu ilə birlikdə ictimai müzakirələrə çıxıb. Halbuki ev təsərrüfatlarının statistik uçotunun yeni qaydalarla aparılması ilə aqrar istehsalçıların vergi qaydasının dəyişdirilməsi bir-birindən fərqli iki ayrı məsələdir.
Beş sahə üzrə uçotun aparılması ÜDM-in daha dürüst hesablanması və gələcəkdə düzgün və ünvanlı sosial siyasət məramına xidmət edir, əsla ev təsərrüfatlarının bütün aktivlərini vergiyə, digər növ ödənişlərə cəlb etmək məqsədi daşımır. Onsuz da ünvanlı sosial yardım üçün əvvəllər hazırlanmış ərizə-bəyannamə formalarında ev heyvanlarının və digər iqtisadi aktivlərin sayı barədə ayrıca məlumat sahələri artıq mövcuddur.
“Evlərdəki elektron cihazlar qeydiyyata alınacaq”, “yumurtalar sayılacaq” kimi xəbər başlıqlarının niyə narahatlıq doğurduğunu yalnız sosial medianın üzərinə də atmaq olmaz. Qərarın mahiyyəti tam açıqlanmadıqda, vətəndaşın hüquqları və məlumatların istifadə məqsədləri vaxtında izah edilmədikdə boşluğu şayiələr doldurur. Dövlət Statistika Komitəsi və aidiyyəti qurumların əhalini məlumatlandırması vacibdir ki, ali maliyyə sənədi olan dövlət büdcəsi layihəsinə qarşı aparılan əkstəbliğata meydan açılmasın.
İndi büdcənin iqtisadi parametrlərinə və mühüm dəyişikliklərə birlikdə nəzər yetirək. Maliyyə naziri Sahil Babayevin təqdim etdiyi ortamüddətli hədəflərə görə, 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizi qeyri-neft-qaz mənbələri hesabına formalaşacağı, 2030-cu ilədək isə cari xərclərin qeyri-neft gəlirləri ilə qarşılanması xüsusi diqqətə və alqışa layiqdir. Dövlət başçısı hələ 2015 ildə neft və qazdan asılı olmayan iqtisadiyyatın qurulmasını strateji vəzifə kimi müəyyənləşdirmişdi. Biz neftin rolunu azaltmaq istəyiriksə, fərqli sektordlarda daha çox məhsul, xidmət və əlavə dəyər yaratmalıyıq.
Dövlət büdcəsinin gəlirləri 1,7 faiz artdığı halda, vergi daxilolmaları 6,5 faiz, yaxud 1 milyard 395 milyon manat artırılaraq 22 milyard 786 milyon manata çatdırılır. Vergilərin büdcə gəlirlərində payı 2025-ci ildəki 52,2 faizdən 2027-ci ildə 58 faizə yüksəlir. Böyük rəqəmlərin arxasında iqtisadi artım, yeni istehsal və iş yerlərinin açılması, yoxsa mövcud sahibkarlıq subyektlərinin vergi öhdəliyinin dəyişəcəyinin durduğunu açıqlamaq yerinə düşər.
Ən ciddi siqnallardan biri yığılıb qalan vergi borclarıdır. Hesablama Palatasının məlumatına görə, 2026-cı ilin əvvəlində 3 milyard 308,7 milyon manat olan vergi borcu oktyabrın 1-də 4 milyard 248 milyon manata çatıb. Doqquz ayda artım 939,3 milyon manat, yaxud 28,4 faizdir. Bir tərəfdən gələn il daha çox vergi toplamağı planlaşdırırıq, digər tərəfdən mövcud öhdəliklər üzrə borclar sürətlə artır. Hökumətin problemi necə həll edəcəyi büdcə müzakirələrində bəyan oluna bilər.
Borclar yalnız özəl sektorda artmır. Dövlət sektoruna aid ödəyicilərin borcu doqquz ayda təxminən üç dəfə artaraq 715,5 milyon manata yüksəlib. Neft-qaz sektoru üzrə 505,1 milyon manatlıq borc yaranıb, qeyri-neft sektorunda isə dövlət mülkiyyətində olan ödəyicilərin borcu 225,5 milyon manatdır. Təkcə “Azərsu” ASC üzrə 23,3 milyon, büdcə təşkilatları üzrə 19,9 milyon manat borc göstərilir. Xüsusi mülkiyyətə mənsub ödəyicilər üzrə isə 3 milyard 234,9 milyon manat borc qeyd olunur. Hökumət özəl sahibkardan vergisini vaxtında tələb edirsə, dövlətə məxsus müəssisənin borcunun yaranması və böyüməsinə də eyni prinsiplərlə yanaşılması vacibdir".
Deputat qeyd edib ki, 2027-ci ilin büdcə layihəsində diqqət yetirilməli məsələlərdən biri də dövlətin əsaslı vəsait qoyuluşlarının icrası ilə bağlı vəziyyətdir: "Hesablama Palatasının təhlilində 2025-ci ildə xərclərin nəzərdə tutulandan 2 milyard 803 milyon manat az icra edildiyi, 2026-cı ildə isə 800 milyon manatdan artıq vəsaitin icrasız qalacağının gözlənildiyi göstərilir. Gecikən layihələr məktəb, yol, su və ya enerji infrastrukturu ilə əlaqədardır. 2026-cı ilin ilk doqquz ayında 26 sifarişçi təşkilatın 76 investisiya layihəsi üçün nəzərdə tutulmuş 295,3 milyon manat vəsait üzrə ümumiyyətlə ödəniş aparılmayıb. Hər bir ləngimənin səbəbi, icra qrafiki və məsul qurumları olduğu halda problem gələn ilin büdcəsində necə həllini tapacağı mühüm məsələdir.
Səhiyyə sistemində son aylarda qəbul edilmiş qərarlar da büdcə və idarəçilik baxımından mühüm əhəmiyyətə malikdir. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həkimlərin maddi rifahı və əməyinin yüksək qiymətləndirilməsi 72 mindən artıq tibb işçisinin sosial vəziyyəti yaxşılaşırıldı. TƏBİB nəhayət, düzgün olaraq, Səhiyyə Nazirliyinin tabeliyinə qaytarıldı. Eyni zamanda, hələ mart ayında İcbari Tibbi Sığortanın da idarə olunması sahəsində struktur dəyişiklikləri aparılıb. Beləliklə, 2018-ci ildən formalaşdırılan və üç yerə bölünən səhiyyə sisteminin vahid idarəçiliyinə səkkiz ilə yaxın müddətdən sonra yenidən qayıdılır. Lakin vaxtilə səhiyyənin maliyyələşdirilməsi ilə tibbi xidmətlərin təşkilinin ayrılması hansı məqsədlərlə əsaslandırılmışdı, ötən dövrdə seçilən hədəflərin neçəsinə nail olundu və idarəetməni yenidən birləşdirməklə tibbi xidmətin keyfiyyəti necə dəyişəcək”
Komitə sədri bildirib ki, xəstələrin müqaviləli özəl tibb müəssisələrinə göndəriş alması və həkim seçimi ilə bağlı çətinliklər də diqqət tələb edir:
“Qaydalara görə, sığorta çərçivəsində tələb olunan xidməti dövlət tibb müəssisəsində göstərmək mümkün olmadıqda özəl xəstəxanaya göndəriş verilə bilər. Lakin müraciətlərdə növbələrdən, göndərişin gecikməsindən və təkrar müayinələrdən şikayət olunur. Əlbəttə, bütün xidmətlərin məhdudiyyətsiz maliyyələşdirilməsi qeyri-mümkündür. Bununla belə, dövlət müəssisəsində avadanlıq işləmirsə, mütəxəssis yoxdursa və ya gözləmə xəstənin sağlamlığına risk yaradırsa, o zaman müəyyən çıxış yolları tapılmalıdır. İmtina və gecikmənin səbəbləri də xəstələrə bildirilməsi vacibdir.
Nəhayət, regional iqtisadi proseslərdən faydalanma imkanlarımız haqqında da danışmalıyıq. Rusiya–Ukrayna müharibəsi beynəlxalq ticarət marşrutlarını, ticarət zəncirini və regional iqtisadi əlaqələri ciddi şəkildə dəyişdirdi. Ermənistan Rusiyadan gələn kapital, miqrasiya və reeksport əməliyyatları hesabına müəyyən iqtisadi üstünlüklər əldə etdi, təxminən 79 faizlik artımdır. Azərbaycan daha böyük tranzit, enerji, nəqliyyat və ticarət potensialını qeyri-neft istehsalına və davamlı büdcə gəlirlərinə çevirə bilər. Beynəlxalq Valyuta Fondunun 2026-cı il üzrə nominal ÜDM qiymətləndirmələrinə əsasən, Azərbaycan Cənubi Qafqazın üç ölkəsinin birgə iqtisadiyyatının təxminən 54 faizini təşkil edir. Belə bir üstünlük bizə daha yüksək əlavə dəyər yaradan sənaye və logistika imkanları verir. Əgər dövlətin qeyri-neft gəlirlərini artırmaq istəyiriksə, ölkəmizdə daha çox gəlir yaradan müəssisələrin fəaliyyət göstərməsinə şərait yaratmalıyıq.
Büdcə müzakirələrində kəndlərin gələcəyi barədə ayrıca danışmağı vacib sayırıq. Rəsmi statistikaya görə, ölkəmizdə 4 244 kənd yaşayış məntəqəsi var, onlardan 100-də əhalinin sayı 5 min nəfərdən çoxdur. Gədəbəy, Daşkəsən, Lerik, Yardımlı, Qusar, Quba, Şahbuz və digər dağlıq, sərhədyanı rayonlarda əhali azaldıqca məktəbin, tibb məntəqəsinin, poçt və bank xidmətlərinin saxlanması çətinləşir. Əvvəl uşaqların sayı azalır, sonra məktəbin qalması sərfəli sayılmır, müəllim və həkim də başqa yaşayış məntəqəsinə üz tutur. Beləcə, ailəni kənddə saxlayan şərait daha da zəifləyir.
Məsələn, təkcə 2026–2027-ci tədris ilində Gədəbəydə üç məktəbin ləğvi barədə qərar verilib. Ölkəmizdə kənd tibb məntəqələrinin sayı 2024-cü ildəki 1 603-dən 2025-ci ildə 1 512-yə düşüb. Halbuki həmin dövrdə onlara müraciətlərin sayı 1 milyon 263 mindən 1 milyon 414 minə yüksəlib. Dövlət xidmətlərinin taleyini yalnız rentabellik prinsipi ilə müəyyən olunsa, bir müddətdən sonra həmin xidmətə ehtiyacı olan insanların da kənddən köçməsi ilə üzləşə bilərik”.
Zahid Oruc vurğulayıb ki, dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir: “Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayış məntəqələri var ki, ailələr yeddi-səkkiz ay evlərini qızdırmalı olur. Ancaq ölkə üzrə eyni istehlak tarifləri və limitlər tətbiq edilir, qaz və elektrik təchizatında aylıq sabit ödənişlər də mövcuddur. Eyni istehlak şərtlərini müxtəlif iqlim şəraitində yaşayan ailələr üçün tətbiqi ağır nəticələr doğurur.
Biz bütün ölkədə kommunal tariflərin birdən dəyişdirilməsindən danışmırıq. Söhbət sərt iqlim şəraitində yaşayan, xüsusilə sərhəd və yüksək dağ kəndlərində məskunlaşan ailələr üçün fərqli yanaşmadan gedir. Belə ərazilərdə qaz və elektrik üzrə istehlak limitlərinin ləğvi, ödənişlərdə isə güzəştli tariflərin tətbiqini təklif edirik. Həmin kəndlərdə çalışan həkim və müəllimlər üçün də iqlim və məsafə nəzərə alınmaqla əlavə ödəniş əmsalları müəyyən edilə bilər. Sərhəd və dağ kəndlərində məskunluğun gücləndirilməsi üzrə dövlət proqramının qəbulu ölkə başçısının narahatlqıla vurğuladığı paytaxta axının qarşısının alınmasında mühüm rol oynaya bilər.
Yekunda bir daha xüsusi vurğulamaq istərdik ki, bir vaxtlar "Qarabağ boyda dərdimiz var" deyirdik. İndi hər kəs bildirir ki, işğala son qoymağa gücü və iradəsi çatan, Böyük qayıdışı həyata keçirən qalib dövlətin sosial rifaha, bölgələrin inkişafına və iqtisadi tərəqqiyə nail olmaq üçün böyük hədəfləri var. İnanırıq ki, 2027-ci ilin dövlət büdcəsi Qələbəmizi möhkəmləndirməyə və xalqımızın istək və arzularını həyata keçirməyə imkan verəcəkdir”.