Noyabrın 8-də futzal üzrə dünya çempionatının əsas mərhələsində növbəti oyununu keçirən yığmamız Bakı İdman Sarayında Latviyaya uduzdu (1:5). Halbuki noyabrın 5-də Lənkəranda Çexiya ilə heç-heçə edən (2:2) yığmadan qələbə gözləmək olardı. Axı qələbə komandamızın qrup lideri olmaq şansını artıracaqdı. Amma artıq belə ehtimal yoxdu!
Belə darmadağının səbəblərini öyrənmək üçün "Araz-Naxçıvan"ın prezidenti Mahmud Sadıqovla əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:
"Bilindiyi kimi, millimizin beynəlxalq təcrübəsi yoxdu. Çexiya ilə oyunda əllərindən gələni edib, xal qazana bildilər. Bu dəfə isə alınmadı. Bəlkə də yığma rəqibi lazım olan qədər dəyərləndirmədi. Məncə, komanda meydana rahat, arxayın çıxmışdı. Qonaqlar ilk dəqiqələrdə bundan istifadə edib, ciddi təzyiq göstərdilər və istəklərinə nail oldular. Rəqibin baş məşqçisi komandamızın oyun sistemini çox yaxşı təhlil etmişdi. Ümumiyyətlə, hazırda Latviyada futzalın inkişafı üçün böyük işlər görülür. Düzü, məğlubiyyəti faciə saymıram. Burdan dərs, nəticə çıxarmaq lazımdı. Məşqçilər korpusumuzda yerli, perspektivli gənc kadrlar var. Güman edirəm ki, millimiz gələcək oyunlarda daha yaxşı çıxış edəcək. Vəziyyətə müsbət yanaşmaq lazımdı. Yaxşı olacaq. Bunu arzulayıram. Bilirik ki, müəyyən çatışmazlıqlar var. Komanda yeni yaradılıb. Görüləcək çox iş var. Yığmanın uğurları qarşıdadı".
Xatırladaq ki, yığma növbəti matçını gələn il fevralın 27-də səfərdə Latviyaya qarşı keçirəcək.