"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Son anda edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

Bu gün görkəmli rus yazıçı Fyodor Dostoyevskinin doğum günüdür.

Kulis.az Mariya Popovanın "Ölüm cəzası ləğv edildikdən sonra Dostoyevski: Həyatın mənası haqqında" yazısını təqdim edir.

“İnsanlar arasında insan olaraq qala bilmək, şəraitdən asılı olmayaraq ümidsizliyə qapılmamaq və cəsarətini itirməmək - bax, həyat bundan ibarətdir, həyatın yeganə qayəsi budur.”

“Çox işləmək istəyirəm,” deyən gənc Fyodor Dostoyevski (1821-1881) yazıçılıq karyerasına qədəm qoymaq arzusu ilə maddi vəziyyəti ağır olan anasına ona kitab alması üçün yalvarardı. İyirmi yeddi yaşında olarkən çar rejimi tərəfindən təhlükəli hesab edilən kitabları toplayan ədəbi dərnəyə qoşulduğu üçün həbs olundu və ölüm cəzasına məhkum edildi.

22 dekabr 1849-cu ildə kütlələrə göz dağı olsun deyə, bir qrup başqa məhkumla birlikdə edam edilmək üçün Sankt-Peterburqdakı xalq meydanına gətirildi. Ölüm hökmləri oxundu, edam geyimləri geyindirildi və xaçı öpmələrinə icazə verildi. Edamın həyata keçiriləcəyi dirəklərin önündə üç-üç sıraya düzüldülər. Altıncı sırada duran Dostoyevski bu dəqiqələrin yaşadığı son anlar olduğunun fərqində idi.

Son anda çarın onların həyatını bağışladığını bildirən bir bəyanat oxundu. Bütün bu tamaşa mərhəmətli bir hökmdar olduğunu göstərmək istəyən çarın qurğusu idi. Həqiqi cəza isə bu idi: Dostoyevski dörd ilini Sibirdə katorqa düşərgəsində keçirməli, ardından çar silahlı qüvvələrində bir neçə il məcburi hərbi xidmət keçməli idi. Yenidən qələmi əlinə alıb yazıçılıq xəyalının ardınca gedəndə artıq qırx yaşı var idi. Bununla belə, ölümün pəncəsindən qurtulan Dostoyevskinin çiyinlərindən böyük bir yük qalxmışdı. Dostoyevski əvvəlcədən planlaşdırılmış bu “edam”dan sonra qardaşı Mixailə vəziyyəti və necə rahatladığını anlatmaq üçün məktub yazdı:

“Qardaşım! Ümidsiz deyiləm və cəsarətimi itirməmişəm. Həyat hər yerdədir; içimizdədir, çölümüzdədir. Yanımda həmişə insanlar olacaq və insanlar arasında insan olaraq qala bilmək, şəraitdən asılı olmayaraq ümidsizliyə qapılmamaq və cəsarətini itirməmək - bax, həyat bundan ibarətdir, həyatın yeganə qayəsi budur. Bax, bunu anladım. Bu fikir qanıma işlədi. Yaradan, sənət ruhunu yaşadan, ruhun ali gözləntilərinə öyrəşən o baş çiynimdən çoxdan kəsildi. Amma qəlbimdə qalanlar eynilə əvvəlki kimi sevir, əzab çəkir, başqalarına acıyır və xatırlayır - bax, həyat elə budur!”

Yenə də varlığına can verən o qüvvə - yazıçı kimliyi onu çarəsizliyin dərinliklərinə çəkir: “Qələmi yenidən əlimə ala biləcəyəmmi? Yaza bilməsəm, yox olacağam. Əlimdə qələm olmamasındansa, on beş il həbsdə yatmağa razıyam.” Bununla belə, ümidini bərpa edib sağ qaldığı üçün şükür edir və məktub belə davam edir:

“Cəsarətimi itirmədim, unutma ki, ümid məni tərk etməyib. Bu gün ölümün astanasında duraraq üç saat boyunca bu düşüncə ilə yaşadım, indi isə yenidən həyatdayam!”

Daha sonra insanların haqlı çıxmaq aludəçiliyi aradan qalxdıqdan sonra xeyirxah insanların arasında sevginin hökm sürəcəyini qeyd edir: "Əgər kimsə məni pisliklə xatırlayırsa, kiminləsə mübahisə etmişəmsə və onda pis təəssürat yaratmışamsa, ona bunları unutmasını de. Ona qarşı kin bəsləmirəm, hazırda keçmişimdən kimisə sevmək və qucaqlamaq istəyirəm... Keçmişə baxanda nə qədər vaxtı boş yerə xərclədiyimi, nə qədərinin xülyalar, səhvlər və tənbəllik içində itdiyini düşündükdə, vaxtın qədrini bilmədiyimi, qəlbimə və ruhuma qarşı günah işlətdiyimi görəndə ürəyim sızıldayır. Həyat bir töhfədir, həyat bir xoşbəxtlikdir, onun hər anı sonsuz səadət ola bilərdi.”

Oskar Uayldın dəyişikliyin verdiyi ağrı haqqında yazmasından yarım əsr əvvəl Dostoyevski bu möhtəşəm məktubu yazmışdı:

“İndi həyatımı dəyişdirirəm, yeni bir həyata doğuluram. Qardaşım! Sənə and içirəm ki, ümidimi heç vaxt itirməyəcəyəm, qəlbimin və ruhumun saflığını qoruyacağam. Daha yaxşı bir insan olmaq üçün yenidən doğulacağam. Bütün ümidim, bütün təsəllim bundadır. Həbsxanada keçirdiyim vaxt mənə saflıqdan uzaq olan ehtiyaclardan kənar durmağı öyrətdi. Bu hadisədən əvvəl özüməçox da fikir vermirdim. Məhrumiyyətlər məni heç narahat etmir, maddi çətinliklərin məni məhv edəcəyindən qorxma.”

Dostoyevskinin məşhur “Yeraltından qeydlər”, “Cinayət və cəza” və xüsusilə “Karamazov qardaşları” əsərləri bu məktubda yer alan fəlsəfi düşüncələri əks etdirir. Şərin hər yerdə hökm sürməsinə baxmayaraq, insanların və həyatın yaxşı tərəflərini görə bilmək Dostoyevskinin ölümlə üz-üzə qaldıqdan sonra qazandığı böyük bir bacarıq idi.

Rus dilindən tərcümə etdi: Sevinc Mürvətqızı