Ebola: yoluxma və ölüm artır - Son rəqəmlər…

Konqo Demokratik Respublikasında Ebola epidemiyası sürətlə yayılmaqda davam edir. Konqo hökumətinin məlumatına əsasən, ölkədə təsdiqlənmiş Ebola yoluxmalarının sayı 11042-yə, ölüm hallarının sayı isə 5387-yə çatıb.

Medianews.az bildirir ki, epidemiyaya Ebola virusunun nadir növü olan Bundibuqyo səbəb olur. Yoluxma halları Konqonun 26 əyalətindən səkkizində qeydə alınıb. Xəstəliyin yayılmasını sürətləndirən əsas amillər arasında yoluxmaların gec aşkarlanması, silahlı münaqişələr və səhiyyə xidmətlərinin imkanlarının məhdudluğu var. Ölüm hallarının əhəmiyyətli hissəsi xəstəxanalardan kənarda baş verir.

Hazırkı epidemiya Ebola tarixində ən böyük və ən ölümcül epidemiyalardan biri hesab olunur. Ebola tarixində bundan böyük epidemiya yalnız 2014-2016-cı illərdə Qərbi Afrikada baş verib. Həmin dövrdə 28 600-dən çox insan yoluxmuş, 11 mindən çox insan həyatını itirmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirməsinə əsasən, Konqoda epidemioloji risk çox yüksək, Konqo ilə quru sərhədi olan ölkələrdə yüksək, Afrikanın digər ərazilərində və qlobal miqyasda isə aşağıdır. Bununla belə, vəziyyət dəyişdikcə risk qiymətləndirməsinin yenilənməsi nəzərdə tutulur.

Təşkilat epidemiyanın qarşısının alınması üçün xəstələrin vaxtında aşkarlanmasını, laborator müayinələrin genişləndirilməsini, yoluxmuş şəxslərlə təmasda olanların izlənməsini və sərhədyanı əməkdaşlığın gücləndirilməsini vacib sayır.

Ebola ilə bağlı narahatlığı artıran məqamlardan biri yoluxma hallarının Konqo ilə məhdudlaşmamasıdır. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) noyabrın 10-da yaydığı məlumatda Keniyada 9 təsdiqlənmiş yoluxma və 2 ölüm halının qeydə alındığı bildirilir. Nigeriyada isə oktyabrın 20-də bir yoluxma aşkarlanıb. Həmin şəxs sonradan İsveçrəyə tibbi təxliyə edilib.

Ebola virusu əsasən yoluxmuş insanın qanı və digər bioloji mayeləri ilə birbaşa təmas nəticəsində yayılır. Yoluxmuş heyvanlarla, o cümlədən meyvə yarasaları və bəzi meymun növləri ilə təmas da yoluxma mənbəyi ola bilər. Virus adi sosial ünsiyyət, söhbət və ya sağlam insanla eyni məkanda olmaq yolu ilə asanlıqla yayılmır.

Xəstəliyin əsas əlamətləri qızdırma, güclü halsızlıq, baş və əzələ ağrıları, qusma, ishal, qarın ağrısı, bəzi hallarda isə daxili və xarici qanaxmalardır. Əlamətlər virusla təmasdan sonra 2-21 gün ərzində meydana çıxa bilər.

Xəstəliyin təhlükəliliyi onun ağırlaşma və ölüm riskinin yüksək olması ilə bağlıdır. Hazırkı epidemiyaya səbəb olan Bundibuqyo virusuna qarşı təsdiqlənmiş vaksin və spesifik müalicə vasitəsi yoxdur. Xəstələrə göstərilən tibbi yardım əsasən orqanizmin funksiyalarının dəstəklənməsinə, maye balansının qorunmasına və ağırlaşmaların qarşısının alınmasına yönəlir.