Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?

Türkiyənin DEM Partiyasının Kocaelindən TBMM-dəki deputatı Ömər Faruk Gərgərlioğlu Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri ilə bağlı bir neçə paylaşım edib. O, paylaşımında Azərbaycan Prezidenti İlham Əliyevin İsraili dost adlandırdığını, Azərbaycanın İsrailin neft tələbatının 40 faizini ödədiyini, Türkiyənin isə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan neftin hər barelinə görə 1,27 dollar komissiya aldığını və bunun gündəlik 1 milyon dollar gəlir gətirdiyini iddia edib:

"Faktyoxla" Gergerlioğlunun bu iddialarını araşdırıb.

Məlumat üçün bildirək ki, bir müddət öncə Gergerlioğlu söyüş müxalifətinin əsas ruporuna çevrilmiş “YouTube” kanallarının birində müsahibə verərək Azərbaycanın neft ixracının təxminən 60 faizinin, ümumi ixracının isə 37 faizinin İsrailin payına düşdüyünü bildirmiş, dünən paylaşdığı tvitində isə artıq 40 fazi olduğunu yazıb. Yəni Gergerlioğlunun hesablamalarına görə, son bir həftə ərzində Azərbaycanın İsrailin neft təminatındakı payı ilə bağlı rəqəm 3 faiz artıb. Üstəlik, deputat neft ixracı ilə ümumi ixrac anlayışlarını qarışdırır və bir-birindən fərqli iki göstəricini eyni iddianın əsası kimi təqdim edir. Yəqin ki, Gergerlioğlu “MAZLUMDER”ə rəhbərlik etdiyi dövrlərdə xaricdən aldığı və günbəgün artan qrantların hesabı ilə bu statistikaları eynişləşdirib.

Əsas məqam budur ki, Azərbaycanın neft ixracının 60 və ya 37 faizinin İsrailin payına düşdüyünü təsdiqləyən rəsmi statistika yoxdur. Azərbaycanın neft ixracı üzrə göstəriciləri tam şəffafdır və ictimaiyyətə açıqdır. Dövlət Gömrük Komitəsinin xarici ticarət hesabatlarında neftin ixrac edildiyi ölkələr və həcmlər açıq şəkildə göstərilir. 2025-ci ildə Azərbaycan ümumilikdə 23,381 milyon ton neft ixrac edib. Əsas alıcılar arasında ilk yeri İtaliya tutub (13,1 milyon ton). Sonrakı yerlərdə Çexiya (1,4 milyon ton), Xorvatiya (1,2 milyon ton), Rumıniya (1,1 milyon ton) və Almaniya (956 min ton) qərarlaşıb. İsrail isə neft ixrac olunan ölkələrin siyahısında ümumiyyətlə yoxdur! (Xarici ticarətinin gömrük statistikası. Hesabat dövrü: 01.01.2025 – 31.12.2025. Səh 18)

2026-cı ilin birinci yarısında da Azərbaycan neftinin ən çox nəql olunduğu ölkə İtaliya olub. İxracın təqribən 55 faizi bu ölkənin payına düşüb. Digər əsas alıcılar Çexiya, Bolqarıstan, Hindistan, Portuqaliya, Almaniya, Tunis, Yunanıstan, Xorvatiya və başqa dövlətlər olub. (Xarici ticarətinin gömrük statistikası. Hesabat dövrü: 01.01.2026 – 31.06.2026. Səh 18)

Rəsmi göstəricilər Azərbaycanın İsrailə birbaşa neft ixrac etdiyini təsdiqləmir. Bu səbəbdən BTC vasitəsilə İsrailə Azərbaycan neftinin daşınması barədə iddialar əsassızdır. Gergerlioğlu onu da iddia edir ki, Türkiyə BTC vasitəsilə İsrailə davamlı neft daşınmasına şərait yaradır və bu prosesdə iştirakçı tərəfdir. Türkiyə nəql olunan neftin hər barelinə görə 1,27 dollar komissiya alır və gündəlik 1 milyon dollar tranzit gəliri əldə edir. Lakin onun səsləndirdiyi rəqəmlər bir-biri ilə uzlaşmır və böhtan xarakteri daşıyır. Tutaq ki, Azərbaycanın ümumi neft ixracının 37 faizi İsrailə göndərilir. Bu halda həmin ölkəyə gündəlik nəqlin həcmi maksimum 165 min barel ola bilər. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan 15,5 milyon ton neft ixrac edib. Həmin dövrdə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton, yaxud təxminən 446 min barel təşkil edib. (Mənbə: Energetika Nazirliyinin hesabatı)

Gündəlik 446 min barelin 37 faizi təxminən 165 min barel edir. Türkiyənin hər barelə görə 1,27 dollar aldığı fərziyyəsi ilə bu həcmdən əldə edilən məbləğ 209 550 dollar təşkil edir (165 000 × 1,27 = 209 550). Bu, iddia olunan 1 milyon dollarlıq gündəlik gəlirdən xeyli azdır. Türkiyənin gündəlik 1 milyon dollar tranzit haqqı qazanması üçün BTC ilə gün ərzində ən azı 787 min bareldən çox neft nəql edilməlidir. Bu həcmdə nəqlə nə Azərbaycanın hasilat potensialı, nə də BTC-nin mövcud ötürücülük gücü kifayət edir. Beləliklə, Ömər Faruk Gergerlioğlunun bu açıqlaması tamamilə dezinformasiya, riyazi uydurma və spekulyasiyadan ibarətdir. Onun yalan danışdığını izləyicilər də bilir və bunu onun özünə yazmaqdan belə çəkinmirlər.

O, bu paylaşımda açıq-aşkar irqi və milli ayrı-seçkiliyə yol verildiyi halda heç bir reaksiya vermir. Halbuki 2020-ci ildə İstanbulda Azərbaycanın Zəfərini qeyd edən bir qrup azərbaycansevər gəncin aksiyasına “Erməniləri narahat edirsiniz” deyərək etiraz etmişdi.

Gergerlioğlu paylaşımında vəziyyəti daha da gərginləşdirmək məqsədilə israrla Prezident İlham Əliyevin “İsrail dostumdur” dediyini vurğulayır. Sosial şəbəkə istifadəçilərindən biri bu ifadənin nə vaxt və harada işlədildiyinə dair rəsmi mənbə tələb etdikdə isə deputat Türkiyənin əyalət qəzetlərindən birinə istinad edib.

Prezident İlham Əliyev müvafiq fikirləri ötən il aprelin 9-da Bakıda keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda iştirakçının Türkiyə-İsrail münasibətləri və Azərbaycanın vasitəçilik rolu ilə bağlı sualını cavablandırarkən səsləndirib.

Dövlət başçısı həmin suala cavabında bildirib: “Hər iki ölkə Azərbaycan üçün yaxın dostdur. Türkiyə ilə biz müttəfiqik – 2021-ci ildə Şuşa Bəyannaməsini imzaladıq və rəsmən müttəfiq olduq (de-fakto müttəfiqlik isə bundan əvvəl də var idi). İsrail də Azərbaycan üçün dost ölkədir və bu dostluq uzun illər ərzində müxtəlif çətin sınaqlardan keçib”. (Mənbə: Azərbaycan qəzeti)

Prezidentin fikirlərində “müttəfiq” və “dost” anlayışları fərqli münasibət səviyyələrini ifadə edir. Türkiyə ilə münasibətlər 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinə əsaslanan rəsmi müttəfiqlik və qardaşlıq çərçivəsində xarakterizə olunur. İsrail isə Azərbaycan üçün dost ölkə kimi təqdim edilir. Bu fərqi nəzərə almadan sitatı siyasi qarşıdurma yaratmaq üçün istifadə etmək fikrin məzmununu təhrif edir. Aparılan müqayisə Gergerlioğlunun iddialarında bir neçə ciddi uyğunsuzluğu üzə çıxarır və onun incə diplomatik fərqləri anlamadığını, faktları bilərəkdən saxtalaşdırdığını, ictimaiyyəti çaşdırmağa çalışdığını və məqsədli şəkildə gərginlik yaratmaq istədiyini bir daha sübut edir. Bir sözlə, Gergerlioğlunu həm iqtisadi-statistik, həm də siyasi-mənəvi müstəvidə ifşa etmək o qədər də çətin deyil. Onsuz da buna o özü şərait yaradır.