Türkiyə, Azərbaycan, Bolqarıstan və Gürcüstan Qara dənizin dibi ilə sualtı elektrik ötürücü xəttinin çəkilməsini müzakirə edir.
"Anadolu Ajansı"na istinadən, bu fikri Antalyada COP31 çərçivəsində jurnalistlərə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.
Antalyada imzalanan Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasındakı təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası sazişin əhəmiyyətinə diqqət çəkən türkiyəli nazir, qonşu ölkələrlə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində səylərin davam etdiriləcəyini vurğulayıb.
O bildirib ki, Türkiyə elektrik enerjisi interkonnektorlarının gücünü 5,4 giqavatdan 15 giqavatta qədər artırmağı hədəfləyir.
A.Bayraktar yeni meqa enerji bağlantı layihələri üçün müxtəlif ölkələrlə danışıqlar apardıqlarını da qeyd edib. Onun sözlərinə görə, Türkiyənin gündəmində, həmçinin Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Avropa ilə elektrik sistemlərinin inteqrasiyasına yönəlmiş layihələr mövcuddur.