Əbu-Dabidə ABŞ, Ukrayna və Avropa ölkələrindən BİRGƏ BƏYANAT

ABŞ, Ukrayna və Avropa tərəfdaşlarının nümayəndələri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması və davamlı sülhün təmin edilməsi şərtlərini müzakirə ediblər.

Bu barədə Əbu-Dabidə keçirilən məsləhətləşmə görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

Bəyanatın mətnini ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff yayımlayıb.

Sənəddə qeyd olunub ki, gələcəkdə əldə ediləcək istənilən razılaşma Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, ölkənin müstəqil qərar qəbul etmək hüququnu nəzərə almalı, həmçinin etibarlı təhlükəsizlik təminatlarını əhatə etməlidir:

“Ümumi məqsəd Ukraynanın uzunmüddətli təhlükəsizliyini gücləndirəcək və danışıqlar yolu ilə nizamlanma üçün zəruri etimad mühitini yaradacaq praktik və bir-birini tamamlayan təhlükəsizlik sisteminin hazırlanmasıdır”.

Tərəflər, həmçinin müharibədən sonrakı dövr üçün təhlükəsizlik sazişlərinin hazırlanmasını, risklərin idarə olunması və təhlükəli eskalasiyanın qarşısının alınması mexanizmlərini müzakirə ediblər:

“Güclü NATO Avroatlantik məkanın kollektiv müdafiəsinin əsas elementi olaraq qalacaq. ABŞ, Ukrayna və Avropa tərəfdaşları danışıqlar prosesi boyunca sıx əməkdaşlığı davam etdirəcəklər. Onların ümumi məqsədi Avropa tərəfdaşlarının iştirakı ilə daha geniş çoxtərəfli müzakirələrə keçmək və hərtərəfli, davamlı sülhə nail olmaqdır”.