Sabirabad rayonunun Sarxanbəyli kəndində bir neçə yaşayış məntəqəsi ilə əlaqəni təmin edən körpü təxminən bir il əvvəl uçub. Körpünün yerində qalan dağıntılar isə sakinlərə çətinlik yaradır.
"Xəzər" TV-yə istinadən, sakinlərin sözlərinə görə, ötən ilin sonunda körpü uçduqdan sonra yenisinin tikiləcəyi və alternativ yolun salınacağı vəd edilib. Lakin o vaxtdan bəri bu vədlər yalnız kağız üzərində qalıb. Nəticədə sakinlər İkinci Küryanı kollektorunun digər sahilinə keçmək üçün on kilometrlərlə yol qət etməyə məcbur olurlar.
Körpünün olmaması təkcə gediş-gəlişi çətinləşdirmir, həm də kənd təsərrüfatına ciddi ziyan vurur. Belə ki, əkin sahələrinin böyük hissəsi kollektorun digər tərəfində yerləşir. Sakinlər bildirirlər ki, alternativ yol çəkilmədiyindən təsərrüfat işlərini də vaxtında görə bilmirlər.