Noyabrın 8-i və 9-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Donetsk və Zaporojye vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində yerləşən Rusiyaya məxsus "Starlink" peyk rabitəsini boğma stansiyasına, habelə sursat və maddi-texniki təminat anbarlarına zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın bəyanatında deyilir: "Zərbələr nəticəsində Rusiyanın xüsusi maneətörədici stansiyası sıradan çıxarılıb. İşğalçılar həmin stansiyanın köməyi ilə ukraynalı hərbçilərin peyk rabitəsini kəsməyə cəhd göstərirdilər".
Məlumata görə, Müdafiə Qüvvələri Zaporojye vilayətinin işğal altında olan hissəsində -Tokmak və Ostrikovka yaşayış məntəqələrinin yaxınlığındakı sursat anbarlarına da uğurlu zərbələr endiriblər.
Bundan başqa, Ukrayna bölmələri Donetsk vilayətinin Krasnoqorovka rayonunda Rusiya ordusunun maddi-texniki təminat anbarını məhv edib.